Gülər Əhmədova Elşad Abdullayevdən çəkdiyi videoların əslini tələb etdi

18 Noyabr 2013 13:00 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Movqe.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edərək Elşad Abdullayevin ofisdən qanunsuz istifadə etdiyini, çəkilişləri qanunsuz apardığını deyib: "O, müxtəlif insanları şantaj etmək üçün gizli çəkiliş aparıb. Videonun nə zaman çəkildiyi də ekspertiza tərəfindən dəqiqləşdirilməyib. Videonun tam versiyası istintaqa təhvil verilməyib. Elşad Abdullayev qanunu pozaraq, Gülər Əhmədova haqqında yalan məlumat verdiyi, KİV-də şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini xahiş edirəm. Həmçinin, qanunsuz görüntü əldə etdiyi üçün həmin məsələyə də hüquqi qiymət verilsin. Xahiş edirəm, ekspert məhkəməyə dəvət olunsun".

 Dövlət ittihamçısı Eldar Həmzəyev isə bildirib ki, videolarla bağlı vəsatət təmin oluna bilməz, çünki həmin məsələ ilə bağlı cinayət işinin başladılması istintaq orqanı tərəfindən rədd olunub. Prokuror onu da deyib ki, ekspertiza ilə bağlı şübhə olmadığı üçün bu vəsatət də rədd olunmalıdır.

Daha sonra Gülər Əhmədova çıxış edib: "Görüntülərdə dolaşıqlıq var. Montaj olduğu görünür. Elşad Abdullayev görüntülərlə bağlı heç bir sübut ortaya qoya bilməyib. Dünyanın heç bir inkişaf etmiş ölkəsində belə bir video sübut kmii qəbul edilə bilməz. Çünki, bu montaj olunmuş videonun əsası yoxdur. Elşad Abdullayevdən tələb edirəm ki, o videonun əslini ortaya qoysun. Mən başa düşmürəm ki, o nə demək istəyir. Burda söyüş olan videonu göndərməyin nəyi tərbiyəsizlik olacaq? Hamımız 18 yaşdan yuxarı olan insanlarıq. Elşad Abdullayev bura gəlsin. Mən ona deyim ki, söyüşmə olan zaman o nə deyirdi və hansı cavabları alırdı. Elşad Abdullayev özü də yaxşı bilir ki, mənə pul verməyib. Pulu kimə, nə üçün verdiyini özü yaxşı bilir".

 Bunun ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

 Proses günün ikinci yarısında davam etdiriləcək. Günortadan sonra prokuror çıxış edəcək.

 

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.