«Unibank»ın aktivləri rekord həddə çatıb

18 Noyabr 2013 15:32 (UTC+04:00)

Azərbaycanın "Unibank" ASC-nin aktivlərinin həcmi noyabrın əvvəlinə rekord həddə çataraq 700 mln. manat təşkil edib.

Bankdan "APA-Economics"ə verilən məlumata əsasən, maliyyə göstəricilərinə görə, son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan "Unibank" müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 5 minə yaxın korporativ və 440 mindən artıq fərdi müştəriyə xidmət göstərir.

Qeyd edək ki, "Unibank" 2002-ci il oktyabrın 15-də Azərbaycanın iki kommersiya bankı – "MBank" (1992-ci il) və "Promtexbank"ın (1994-ci il) birləşməsi nəticəsində yaranıb. Növbəti ildə Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), 2005-ci ildə isə DEG şirkəti (8,33%) daxil olub. Azərbaycanın bank sektorunda ən uğurlu konsolidasiya nümunəsi olan "Unibank", 21 ildən artıq fəaliyyəti dövründə nüfuzlu təşkilatlar tərəfindən biznesin uğurlu inkişafına və yüksək idarəetmə səviyyəsinə görə müxtəlif mükafatlara layiq görülüb.

Hazırda bankın ölkə üzrə 33 filialı fəaliyyət göstərir.