Ukrayna və Azərbaycan TANAP layihəsi üzrə işçi qrupu yaradıblar

18 Noyabr 2013 19:26 (UTC+04:00)

Ukrayna və Azərbaycan rəsmi Kiyevin Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisində iştirakı ilə əlaqədar işçi qrupu yaradıblar. Trend-in "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın energetika və kömür sənayəsi naziri Eduard Stavitski deyib.

Onun sözlərinə görə, Ukraynanın TANAP-da iştirakı nəzərdən keçirilir: "Bu qaz kəməri Avropaya Gürcüstan və Türkiyədən keçir. Biz investisiyada və boruların istehsalı üzrə şirkətlərimizin iştirakını təklif etmişik. Ölkəmizin qaz nəqli sistemi və anbarları nəzərə alınmaqla yeni xətt təklif etdik".

E.Stavitski qeyd edib ki, bu layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması üçün artıq işçi qrupu yaradılıb: "Bizdə artıq işçi qrupu yaradılıb. Qrup bu layihənin ilkin TİƏ-sini hazırlayacaq".