Gülər Əhmədovaya 4 il həbs tələbi

18 Noyabr 2013 18:01 (UTC+04:00)

Bu  gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Movqe.az xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən  məhkəmə prosesində öncə videogörüntülərə dövlət ittihamçısı, G. Əhmədova və onun vəkili Əfsər Talıbovun münasibətlərini bildiriblər.  Prokuror və Ə. Talıbov videogörüntülərə təkrar baxışın aparılıb-aparılmamasının məhkəmənin ixtiyarına buraxıblar.  Gülər Əhmədova isə videonun əsli varsa ona baxmağın maraqlı olduğunu söyləyib. Prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edərək E. Abdullayevin Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə göndərdiyi "tam versiya" adlı videomateriala öz münasibətini bildirib: " Öncə qeyd edim ki, E. Abdullayevin görüntülərini çəkdiyi ünvan- Yasamal rayonu İ. Qutqaşınlı 9-ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi Abdullayevə məxsus deyil. Həmin ofisdə fəaliyyəöt göstərən "ERA" hüquq firması ilə mülkiyyətçi arasında heç bir müqavilə bağlanılmayıb. Firma  Hüseynov Şamil Sabir oğluna məxsusdur və E. Abdullayevin həmin firmaya heç bir aidiyyatı yoxdur. E. Abdullayev o ofisdən qeyri-qanuni istifadə edib. Müşahidə kamerası adi gözlə görünməli olduğu halda kamera E. Abdullayevin istifadəsində olan ofisin otağının divarında gizlədilib. Bu kamera ilə səs yazmaq qadağandır. Qanunla hər hansı şəxsin səsini yazmaq üçün xüsusi icazə olmalıdır. Bundan da belə nəticəyə gəlmək olar ki, E. Abdullayev həmin ofisdən qeyri-qanuni olaraq şər-böhtan atmaq məqsədi ilə istifadə edib. Belə məlum olur ki, E. Abdullayev kameralardan təhlükəsizlik üçün deyil, öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edib. Bu isə qanunaziddir".

Daha sonra vəkil DVD üzrə məhkəmə ekspertizasının rəyinə münasibətini bildirdi: "Ekspertiza da təsdiqləyir ki, DVD orijinal deyil. Prokurorluğa göndərilmiş DVD də notariat qaydada təsdiq olunmamış kserosürətdir. Heç bir dövlət müəssisəsi notariat orqanının təsdiqləmədiyi sürəti götürmür. Eksprtiza həmçinin təyin edib ki, DVD bir formatdan başqa formata dəyişdirilib. Həmçinin texniki qüsurların olduğu qeyd edilir. Sinxronluq da itib. Diskə səs və görüntü ayrı-ayrılıqda yazılıb. Kəsilmələr var, cümlələrarası və sözlərarası məntiqi rabitə pozulub. Akustik fon dəyişib, keçid siqnalları qeydə alınıb. Çəkilişin aparıldığı gün, ay, saat, həftə, fəsil təyin edilə bilməyib. Bir rəydə göstərilir ki, sinxronluq pozulub. Lakin tam versiyada sinxronluğun pozulmadığı qeyd olunur. Onda sual yaranır ki, hansı rəy doğrudur? İstintaq videonu mötəbər sübut kimi qəbul edib. Amma AR Konstitusiyanın, Cinayət Prosessual Məcəlləsi, eləcədə Prezidentin  fərmanı çəkilişi qanunsuz hesab edir. Qanunsuz yolla əldə edilən videogörüntülər isə Konstitusiyanın 32 maddəsinin 3-cü bəndinə tam ziddir.

"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanda da qeyd olunur ki, gizli çəkiliş üçün texniki vasitələrin əldə edilməsinə, istifadəsinə müvafiq orqanın icazəsi olmalıdır. Amma E. Abdullayev heç bir dövlət orqanından bunun üçün icazə almayıb. Elşad Abdullayev qanunu pozaraq, Gülər Əhmədova haqqında yalan məlumat verdiyi, KİV-də şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini xahiş edirəm. Həmçinin qanunsuz görüntü əldə etdiyi üçün həmin məsələyə də hüquqi qiymət verilsin. Xahiş edirəm, ekspert məhkəməyə dəvət olunsun və ziddiyyətli məlumatlar araşdırılsın".

Dövlət ittihamçısı Eldar Həmzəyev isə bildirib ki, videolarla bağlı vəsatət təmin oluna bilməz, çünki həmin məsələ ilə bağlı cinayət işinin başladılması istintaq orqanı tərəfindən rədd olunub. Prokuror onu da deyib ki, ekspertiza ilə bağlı şübhə olmadığı üçün bu vəsatət də rədd olunmalıdır. Məhkəmə vəsatətləri rədd edib.

 Daha sonra Gülər Əhmədova çıxış edib. Gülər Əhmədovanın sözlərinə görə, Elşad Abdullayevin bacısı oğlundan dayısının videoların tam versiyasını göndərməsini xahiş edib: "Lakin o göndərməyib. Bakıda Gülər Əhmədova adında bir çox insan var. Belədirsə, onlardan birini tutun, məni çıxarın burdan. Videolar əsl deyil, ekspertiza da dolaşıq rəy verib. Deyir, montaj olunmayıb amma sinxron pozulub. Bir formatdan başqa formata köçürülüb. Montajın buynuzu olur? Mən əvvəldən demişəm, o videonu qəbul etmirəm. Kimin ixtiyarı var, prezidentin fərmanını, Konstitusiyanı pozmağa? Oyun oynayırlar. Bu adam siyasi akrobatika ilə məşğuldur. Saxta videonu əsas götürüb, məni həbs ediblər, ekspertiza keçiriblər. Dünyanın hansı yerində əsli olmayan video sübut kimi götürülür? Elşadın sizə prpkurorluğa göndərdiyi videonu verin mən onu Fransaya göndərəcəm görüm ona siyasi sığınacaq verən Fransa bu videonu sübut kimi qəbul edirmi? Deyir, videoda söyüş var, ona görə yaymıram. Bəli, söyüş var. Burda hamının 18 yaşı tamam olub. Qorxur ki, prokurorluğun tərbiyəsini pozar? Mən buna məəttəl qalmışam. Elşad kimdir axı? O videonun əslini ortaya çıxara bilməz. Əslində nə var, o da bilir, mən də. Ölsəm də, batsam da, o videonu qəbul etməyəcəyəm. Siz qəbul edirsiniz, özünüz bilərsiniz. Elşad bilir, orda kimin dalınca danışıb və nə cavabı alıb. Ona görə əslini göstərmir. Buna görə qadın xeylağını həbsdə saxlayarlar? Mənim günahım nədir axı? Bu adam yeddi il kimi gözləyib? Zakir Qaralov da açıqlamasında deyib ki, əvvəlcə Elşad Abdullayev gəlməlidir. Mən Milli Məclisdə oturan adam idim, gələrdin evimə, iş yerimə ki, sənə bir milyon pul vermişəm. Çünki sən də, Sevinc də yaxşı bilirdiniz ki, pulun haradadır. Biri ölüb, o biri də Fransada oturub. Bunu Allah götürməz. Mən onsuz da hər kəsi Allaha tapşırmışam. Ekspertiza artimulyasiya məsələsini də araşdırmayıb, halbuki bu, çox vacib məsələdir".

Gülər Əhmədovanın çıxışından sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Proses günün ikinci yarısı davam etdirilib. Prosesin davamında prokurorun çıxışı dinlənilib. Prokuror çıxış edərək indiyədək ibtidai istintaqa və məhkəmə istintaqına verilmiş şahid ifadələrini təkrar iştirakçıların diqqətinə çatdırdı. Gülər Əhmədovanın S. Babayeva ilə mesajları açıqlandı. İbtidai istintaq zamanı şahidlərin verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı yaranan ziddiyyətli məqamlara toxunan prokuror belə ziddiyyətli məqamların Gülər Əhmədovanın köməkçiləri olan Günay və Adilə bacılarının, Tavat Şirinovanın və sair şahidlərin ifadələrində olduğunu qeyd edib. Amma prokuror bu şahidlərin ibtidai istintaqa verdikləri ifadələrin əsas götürüldüyünü  söyləyib. Bunun isə dəlil-sübutlarla üst-üstə düşməsi ilə təsdiq edib.  Prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir.

Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir. Çıxış etmək üçün söz G. Əhmədovanın vəkili Əfsər Talıbova verilib. Vəkil çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib. Proses noyabrın 21-də davam etdiriləcək. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.