Azərbaycanda məktəblərin fəaliyyətini özündə əks etdirəcək yeni sənəd hazırlanır

19 Noyabr 2013 11:57 (UTC+04:00)

Artıq hər bir məktəb fənlər üzrə öz kurikulumunu hazırlamalı olacaq

Təhsil Nazirliyinin sifarişi ilə yerləşdiyi ərazisindən, sosial mühitdən, sinfin səviyyəsindən asılı olaraq hər bir məktəb öz məktəb kurikulumunu hazırlayacaq. Hazırda Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzovun rəhbərliyi ilə İnstitutun Kuirkulum Mərkəzində "Fənn üzrə məktəb kurikulumu"nun hazırlanması üzərində işlər aparılır.

 

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda aparılan təhsil islahatı ilə əlaqədar olaraq "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" və "Fənlər üzrə təhsil proqramlarının (kurikulumları)" sənədləri hazırlanıb. Q.Novruzov qeyd edib ki, 2008/2009-cu tədris ilindən tətbiqinə başlanan həmin kurikulumlar hazırda ümumtəhsil məktəblərinin I-VI siniflərdə tətbiq olunmaqdadır: "Həmin sənədlərin konseptual sənəd olması onun məktəbin mövcud imkan və şəraitinə uyğunlaşdırılmasını zəruri edir. Ona görə də yerləşdiyi ərazisindən, sosial mühitdən, sinfin səviyyəsindən asılı olaraq hər bir məktəb öz məktəb kurikulumunu hazırlamalıdır. Bu baxımdan Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum mərkəzində Təhsil Nazirliyinin sifarişi ilə məktəb kurikulumları hazırlanıb. Dünya təcrübəsində məktəb kurikulumu geniş anlamda götürülür".

 

TPİ-nin direktoru vurğulayıb ki, məktəb kurikulumu sənədində məktəbin idarə olunması, məktəb və müəllimlərin vəzifələri və digər məsələlər öz əksini tapıb. Onun sözlərinə görə, institutun Kurikulum Mərkəzində hazırlanan məktəb kurikulumu fənlərin tətbiqi ilə bağlı məsələləri özündə ehtiva etdiyindən həmin sənəd fənn üzrə məktəb kurikulumu  adlanır: "Fənn üzrə məktəb kurikulumu təlimin təşkili ilə bağlı müəllim fəaliyyətini istiqamətləndirən sənəddir. Bu sənəd müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasına, kurikulumla bağlı dərs planlarının hazırlanmasına, sinifdə öyrədici mühitin yaradılmasına, diaqnostik qərarların verilməsinə imkan yaradır. Fənn üzrə məktəb kurikulumu məktəbdə müəllimlər qrupu tərəfindən hazırlanır və onların təmsil olunduğu metodbirləşmələrdə müzakirə olunur. Nəticədə sənəd məktəb rəhbərliyi tərəfindən təsdiq edilir".

 

Qeyd edək ki, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzovun rəhbərliyi ilə İnstitutun Kurikulum Mərkəzində "Fənn üzrə məktəb kurikulumu"nun hazırlanması texnologiyası üzərində işlər aparılır. Bu prosesin həyata keçirilməsində institutun direktoru Qulu Novruzov, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov və institutun əməkdaşları mütəmadi beynəlxalq ekspertlərlə də görüşlər keçirir.