Azərbaycanda buzlaqların sahəsi 45 faiz azalıb

19 Noyabr 2013 13:46 (UTC+04:00)

Azərbaycanda 1890-2000-ci illər ərzində buzlaqların sahəsi təxminən 45 faiz azalıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, orta hesabla hər il 0.02 kvadrat metr buzlaq əriyir. "Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq hissəsində - Qusarçayın hövzəsində yerləşir. Bu buzlaqların ümumi sayı 8 ədəddir. 1890-cı ildə həmin ərazilərin buzlaq kataloqu hazırlanıb. Həmin ərazidə buzlaqların ümumi sahəsi 4.9 kvadrat kilometr olub. Bundan əlavə, 1960-cı ildə Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun ekspedisiyası tərəfindən aparılan tədqiqatlarda 8 buzlağın olduğu təsdiqlənib. 1965-ci ildə isə artıq buzlaqların sahəsi 3.2 kvadrat kilometr olub. 1890-cı ildən 2000-ci ilə qədər Azərbaycanda buzlaqların sahəsi təxminən 45 faiz azalıb".

A. Verdiyev bildirib ki, buzlaqların əriməsinə səbəb iqlim dəyişikliyi və temperaturun yüksəlməsidir. Şirin su ehtiyatlarının əriməsi əsasən ilin iyul-avqust aylarında qeydə alınır: "Həmin dövrdə yağıntının olmaması, temperaturun yüksək olması buzlaqların tədricən əriməsinə gətirib çıxarır. Məhz buna görə iyul-avqust aylarında həmin buzlaqlardan qidalanan çaylarda sululuq kəskin artır".

A. Verdiyev deyir ki, 2004-cü ildən etibarən ekspedisiya qrupu tərəfindən hər il yay aylarında buzlaqlarda tədqiqat işləri aparılır. "Buzlaqların sahələri öyrənilir, həmin buzlaqlardan qidalanan çaylarda müşahidələr aparılır. Buzlaqlarda kəskin ərimə baş vermir. Ərimə tədricən gedir".