Xarkovda maskalı şəxslər azərbaycanlı iş adamına məxsus restorana basqın ediblər

19 Noyabr 2013 17:11 (UTC+04:00)

Ukraynanın Xarkov şəhərində bu gün səhər yerli vaxtla saat 07:00 radələrində azərbaycanlı iş adamına məxsus "Ailə ocağı" restoranına basqın olub.

Hadisə barədə APA-ya məlumat verən restoranın sahibi Mehdi Cəfərov bildirib ki, daş və dəyənəklərlə silahlanmış bir qrup şəxs restoranı tamam dağıdıb və qarət edib.

M. Cəfərovun sözlərinə görə, şəhərin mərkəzindəki "Park Pobeda" deyilən yerdə yerləşən restorana basqın edənlər 10-15 nəfər olub. İş adamı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini bildirib: "Restoranın işçiləri, digər şahidlər mənə bildirdilər ki, basqınçılar maskalı olublar. Onlar hər yeri dağıdaraq, qarət edərək, işçilərə xəsarət yetirərək, restoranın sahibinin, yəni mənim tezliklə buradan getməyimi tələb ediblər".

M. Cəfərov qeyd edib ki, hadisə ilə bağlı onu bu gün şəhər milisinə çağırıblar. Onun sözlərinə görə, hücum edənlərin milliyyətcə rus olduqları ehtimal edilir.