"Bu dəfə "qara siyahı"ya düşən QHT-lərin sayı çox olacaq"
"Hələ də elə QHT-lər var ki, nə layihə yazdığını, hansı işlər həyata keçirmək istədiyini dəqiq bilmirlər. Hələ də QHT-lərin bəziləri sadəcə, qrant almaq xətrinə layihə yazırlar. Hətta elə QHT-lər var ki, yaranışının məqsədi missiyası yalnız qrant almaqdır".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyləyib.
Azay Quliyev bildirib ki, bu, QHT-lərin fəlsəfəsinə missiyasına uyğun deyil. Şura sədri qeyd edib ki, Şura yarandığı dövrdən tək QHT-lərə maliyyə yardımı ayırmır, təlimlər keçir, bacarıqlarının artırılmasına çalışır. Şura sədri ötən mövsümdən başlayaraq layihələrin elektron qayada qəbul edildiyini, ancaq bu sahədə də hələ problemlərin müşahidə olunduğunu, bir sıra QHT-lərin hələ də texniki prosedurları yerinə yetirməkdə çətinlik çəkdiyini, bacarmadığını nəzərə çatdırıb: "Bu sahədə QHT-lərə bölgədə təlimlər keçiriləcək. Düşünürəm ki, təxminən 1 ildən sonra QHt-lər tam şəkildə bizim təqdim etdiyimiz qaydaları mənimsəyəcək".
Azay Quliyev ötən qrant müsabiqəsində iştirak edən bir sıra QHT-lərin hələ də maliyyə və təsviri hesabatları təqdim etmədiklərini, layihə öhdəliklərində nəzərdə tutulan tədbirləri həyata keçirmədiyini də açıqlayıb: "Bir neçə həftə sonra bununla bağlı ayrılmış müddət başa çatacaq. Bu dəfə "qara siyahı"ya düşən QHT-lərin sayı çox olacaq. Bu QHT-lər nəzərə almalıdır ki, onlar 2 il ərzində Şuranın qrant müsabiqələrində iştirak hüququndan məhrum ediləcəklər. 2 ildən sonra da onların şuranın qrant müsabiqələrində iştirakları üçün özlərini doğrultmalıdırlar".