Dövlət Komitəsi: Yaxın iki ayda tədris müəssisələrində standartlara cavab verməyən qida məhsulları qalmayacaq

20 Noyabr 2013 12:24 (UTC+04:00)

Azərbaycanda fəaliyyət göstərən şadlıq sarayları ilə bağlı müvafiq standartlar qəbul edilib və artıq bu istiqamətdə yoxlamalar aparılır.


Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib: "Düzdür, bununla bağlı çoxlu narazılıq yaranıb. Lakin vəziyyət dəyişir və bu proses tədricən yaxşılaşacaq".

 

Komitə sədri qeyd edib ki, şadlıq sarayları ilə yanaşı, uşaq bağçaları və orta məktəblərdə də qurumun nəzarət xidməti tərəfindən tədbirlər həyata keçirilir.

 

"Standartlar qəbul olunarkən, biz bu müəssisələrə vaxt vermişdik. Ola bilər ki, bu, onlar üçün az idi, lakin hazırda məktəblərdə Təhsil Nazirliyi ilə birgə təmir işləri aparılır, lazımi avadanlıqlar quraşdırılır. İnanıram ki, bu ilin dekabr ayı və ya gələn ilin yanvar ayından qeyd edilən müəssisələrdə standartlara cavab verməyən qida məhsulları ilə bağlı problemlərlə üzləşməyəcəyik. Uşaqlar yüksək səviyyədə qida məhsulları ilə təmin olunacaqlar", - deyə R.Həsənov vurğulayıb.