Müğənni təşkilatçı qalmaqalı böyüyür-YENİLƏNİB

22 Noyabr 2013 11:43 (UTC+04:00)
Məlumat verildiyi kimi Təşkilatçı-prodüser Samir Xəttabı sosial şəbəkədə "maşennik" adlandıran müğənni Arzu Seyidzadə qarşı tərəfin onu aldatması iddiası ilə məhkəməyə müraciət edib. Müğənninin iddiasına görə, konsert təşkili ilə bağlı rəhbəri olduğu "HAS Production" şirkəti ilə təşkilatçı Samir Xəttab arasında müqavilə bağlanılıb. Samir Xəttab müğənni ilə birlikdə Davud Güloğlunun Bakıda konsertini təşkil etməli olsa da, vədinə əməl edə bilməyib. Müqavilənin şərtlərinə əsasən, Arzu Seyidzadə sifarişçi qismində Samir Xəttaba 17 min 500 manat pul ödəyib. Təşkilatçı verdiyi açıqlamalarda bu faktı inkar etsə də, bu günkü məhkəmə prosesində faktı təsdiqləyib. Bunu Mövqe.az-a müğənni Arzu Seyidzadə deyib: "Məhkəmənin birinci prosesində biz qalib gəldik. Bizi təbrik edə bilərsiniz. Samir Xəttab boynuna aldı ki, həqiqətən də məndən 17 min 500 manat pul alıb. Özü müqaviləyə şərt qoymuşdu ki, kim konsertdən vaz keçsə, təzminat ödəməlidir. Sonradan isə bunu inkar edirdi. Samir Xəttab məhkəmədə əməlli-başlı təlaş keçirirdi. Artıq başa düşmüşdü ki, güvənəcəyi kimsə ətrafında yoxdur və dövlətimizin qanunları qarşısında boynu qıldan incədir. O məhkəmə salonuna daxil olanda mənə utanmadan salam verib, ironiya ilə "Necəsən?" soruşdu. Sevinirdi ki, məni bu qədər borca salıb, işimi də görməyib, şirkətimi gözdən salıb. Ancaq haqq-ədalət axır ki, yerini tapır". Müğənni təşkilatçının vergidən yayınmaq üçün özünü işsiz göstərdiyi faktını da açıqladı: "Məhkəmədə ondan soruşanda ki, "Samir Xəttab harada işləyirsiniz", o, əvvəlcə işsiz olduğunu söylədi. Sonradan isə 400 minlik proyektlərinin olduğunu bildirdi. Bunu da biz növbəti prosesdə qeyd edəcəyik. Vergidən yayınmaq üçün öncə işsiz olduğunu söyləyən Samir Xəttab axı necə 400 minlik proyekt edə bilir və bu kimi maraqlı suallar növbəti məhkəmə prosesində araşdırılacaq". 


 Məsələ ilə bağlı tanınmış vəkil Zülfiyyə Bayramova da öz fikirlərini Mövqe.az-la bölüşüb: "Bu gün Nizami rayon İnzibati İqtisad məhkəməsində təşkilatçı Samir Xəttab və müğənni Arzu Seyidzadə arasında məhkəmə prosesinin birinci mərhələsi başa çatdı. Samir Xəttab etiraf etdi ki, Arzu Seyidzadədən 17 min 500 manat pulu alıb və Türkiyəli müğənni Davud Güllüoğlu ilə konserti təşkil edə bilməyib. Hakim Xalid İmanov məhkəməni dekabrın 17-nə kimi təxirə saldı. Ancaq qeyd olundu ki, Samir Xəttab həmin məbləği Arzu xanımdan alıb. Hələlik məhkəmə davam edir. Əsas istədiyimiz və gözlədiyimiz etirafı Samir Xəttabdan aldıq. Məhkəmədə hansı tərəfin qalib gələcəyi sonda bilinəcək. Haqlı olduğumuz üçün inanırıq ki, biz qalib gələcəyik". Samir Xəttab isə heç nə deməyəcəyini bildirib. 

                                                                            ***


Qeyd edək ki, Mövqe.az-ın əməkdaşının açıqlama vermək istəyirsinizmi sualına cavab olaraq " mən heç nə deməyəcəm, hər şey məhkəmədə bilinəcək" cavabını verən Samir Xəttab sonradan Mövqe.az-a zəng edib, mövqeyinin dərc olunmağını istədi. Təşkilatçının facebook ünvanına yolladığı mövqeni nəzərinizə çatdırırıq: "Arzunun danışdıqlarını oxudum gözəl nağıl idi. Amma yadından çıxıb deməyib ki, Barak Obama da məhkəmədə olub. Oturub bizə baxırdı və hamıya saılamı var. Mənim hesabıma az özünü reklam etsin. Onu hələ müğənni kimi tanıyan yoxdur. Elə mənim adımdan saytlara xəbər yazdırır" Mən sizə fakt təqdim edirəm. Səs yazma bu linkdədi: 


https://soundcloud.com/xattab/arzu-seyidzade