Şoranlaşmış torpaqların bərpası yolunda yaranan problemlər

21 Noyabr 2013 16:51 (UTC+04:00)

Kənd təsərrüfatı sahəsində araşdırmalar göstərir ki, torpaqların münbitliyinin  azalmasına şoranlaşma getdikcə daha çox təsir göstərir. Bununla əlaqədar olaraq bitkilərin məhsuldarlığı da getdikcə azalır. Şoranlaşma adətən, torpaqda suvarma işinin düzgün aparılmaması zamanı baş verir. Əvvəllər  torpaqlar şoranlaşan zaman bu sahəyə vəsait ayrılır və torpaqlar yuyularaq bərpa olunurdu. Bu gün də qeyd edilən istiqamətdə müvafiq işlər görülür. Lakin şoranlaşma hələdə ciddi problem olaraq qalır. Belə fikirlər də səslənir ki, torpaqların irriqasiyası məqsədilə ildə ən azı 500 milyon manat vəsait ayrılmalıdır. Hazırda isə şoranlaşmış torpaqların bərpa olunması məqsədilə ayrılan məbləğ bundan bir neçə dəfə azdır. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Movqe.az-a açıqlamasında fermerlərin bu səhəyə sərmayə yatırmaqdan çəkindiklərini deyib: "Şoranlaşmış torpaqların bərpa edilməsi üçün bir sıra tədbirlər həyata keçirmək lazımdır. O cümlədən elə Sovet dönəmində aparılan yuyulma sisteminin daha geniş tətbiqini də həyata keçirmək olar. Bunu indi fermerlər, pay torpağı almış sahibkarlar öz hesabına həyata keçirməlidir. Onlar da bu işin öhdəsindən gələ bilmirlər. Ona görə ki, birincisi, o torpaqlar bir o qədər məhsuldar deyil ki, onlar əldə etdikləri vəsait hesabına bunun öhdəsindən gələ bilsinlər. İkincisi də, buraya sərmayə qoyub torpağın yuyulması üçün kifayət qədər maaliyyə vəsaiti xərcləmək lazımdır. Sonradan da həmin maaliyyə vəsaitindən hər hansı bir qazanc ələ edib onun gəlirini geri götürmək məsələsi bir qədər sual altındadır. Ona görə ki, bu gün kənd təsərrüfatı demək olar ki, çox az gəlirli bir sahəyə çevrilib. Bu mənada, yaxşı gəlir gətirən bir sahə deyil bu. Apardığımız araşdırmalar bunu göstərir ki, pambıqçılıqda bir il gəlir əldə olunsa da növbəti ildə durğunluq müşahidə olunur. Bunu, eyni zamanda üzümçülükdə də müşahidə edirik. Kənd təsərrüfatının digər sahələrində də məhsuldarlıq çox aşağıdır. Və bu mənada, demək olar ki, bu gün kəndlilər onlara pay edilmiş ərazilərdə şoran torpaqların münbitləşdirilməsində hər hansı bir fəaliyyət həyata keçirə bilmirlər. 

Bundan əlavə, əgər bu torpaqları münbitləşdirərlərsə belə,  bu, o demək deyil ki, gələcəkdə bu torpaqların təkrar şoranlaşması baş verməyəcək. Ona görə ki, Kür ətrafında suyun səviyyəsinin qalxması hər il baş verir. Baxmayaraq ki, daşma başqa şeydir, amma suyun səviyyəsi qalxan kimi, bu qurunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır və qurunt sularının səviyyəsi qalxdıqca da torpaqda olan turşular, duzlar torpağın üst hissəsinə çox asanlıqla çıxırlar". 

Ekspert məsələ ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu da bildirdi: "Bu problem o vaxt öz həllini tapar ki, bu sahəyə əsaslı kapital qoyuluşu baş verər. Məsələ yalnız kompleks şəkildə öz həllini tapa bilər. Digər bir halda bu, müvəqqəti xarakter daşıyacaq. Fermerlər bunu yaxşı bildiklərindən, bu sahəyə sərmayə qoymağa risk etmirlər". 

 "Azmelsutəsərrüfat" ASC-nin meliorasiya, su ehtiyatları və sudan istifadəedənlər birlikləri üzrə iş şöbəsinin müdiri Mətləb Quliyev isə saytımıza verdiyi açıqlamada indi torpaqlar sahibkarların əlində özəlləşdiyindən, ona qulluğun da  fermerlərin öz üzərinə düşdüyünü bidirdi: "Sovet dönəmində kolxoz sistemi var idi. Bütün torpaqlar dövlətə məxsus olduğundan, dövlət meliorasiya üçün tədbirlər görürdü. İndi isə torpaqlar özəlləşdirilib və pay torpaqları şəklində ayrı-ayrı fermerlərin əlində toplaşıb. Meliorasiya aparılması üçün ən azı 50 hektar ərazi lazımdır. İndi isə fermerlər arasında paylanan torpaqlar cəmi yarım və ya bir hektardan, iki hektardan ibarət olur. Ona görə, həmin aqrotexniki tədbirləri aparmaq mümkün olmur. Bu işi görmək hər bir torpaq sahibinin öz öhdəsinə düşür ki, onlar da torpağı nə düzgün suvarmaq, nə də yumaq işlərini apara bilirlər. Bu, artıq təsərrüfatçıların özlərinin funksiyalarıdır. Onlar bunu özləri etməlidirlər. Biz onlara kömək edə bilərik. Su da verə bilərik. Ancaq yenə də bu onların öz öhdəliklərinə düşür. Yenə də deyirəm, yarım, bir ya iki hektar sahəni yumaq olmur. Yumaq üçün ərazi böyük olmalıdır və torpaq ən azı bir ay suyun altında qalmalıdır ki, duz ordan təmizlənsin.  Ümumiyyətlə, şoranlaşmanın baş verməməsi üçün torpağı suvarma işini düzgün aparmaq lazımdır".