Rusiya və Gürcüstan danışıqlardan məmnun qalıblar

22 Noyabr 2013 09:10 (UTC+04:00)

Noyabrın 21-də Praqada Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin və Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti görüş keçirilib.

Movqe.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, iki ölkə arasında maniakal düşmənçilik dövrü artıq keçmişdə qalıb. "Biz artıq konstruktiv dialoq mərhələsinə keçərək bir il ərzində iqtisadi və sosial xarakterli bir çox məsələləri həll etmişik. Məsələn, nəqliyyat əlaqəsi bərpa olunub, Gürcüstan məhsulları Rusiya bazarına qayıdıb və biz əməkdaşlığımızı gələcəkdə də genişləndirmək niyyətindəyik", deyə o görüşdən sonra qeyd edib.  

 

Karasin danışıqlar prosesindən məmnun olduğunu bildirib.  

 

Rusiyalı diplomat Gürcüstanda keçirilmiş prezident seçkilərinin Moskvada diqqətlə izlənildiyini qeyd edərək seçkilərin nəticələrindən məmnun olduğunu bildirib.

 

Abaşidze, öz növbəsində, Gürcüstan rəhbərliyinin Rusiya ilə müsbət nəticələrə yönəlmiş yeni münasibətlərə kökləndiyini qeyd edib. "Mən Rusiya tərəfini inandırdım ki, Gürcüstan prezidenti və baş naziri iqtisadiyyatda əməkdaşlığın bərpası, sosial problemlərin həlli və humanitar layihələr vasitəsi ilə Moskva ilə münasibətlərin normallaşmasını arzulayırlar", deyə Abaşidze bildirib.