Xuzestan vilayətində aramsız yağışlar əhalinin kütləvi zəhərlənməsinə səbəb olub
İranın Xuzestan vilayətində aramsız yağışlar insanların kütləvi zəhərlənməsinə səbəb olub. Ölkənin rəsmi strukturlarının yaydığı məlumatda atmosferin çirkli olması nəticəsində yağan yağışlar havanı kəskin ağırlaşdırdığı deyilir.
İyirmi minə yaxın insan "boğulma" diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların bir qismi ilkin tibbi yardımdan sonra xəstəxanaları tərk edib. Təbii fəlakət zonası elan edilmiş əraziyə əlavə xilasedici və səhiyyə qüvvələri cəlb olunub.
Bildirilir ki, ölkənin müxtəlif bölgələrində sel və daşqınlar nəticəsində 18 şəhərə və 3 adaya ciddi ziyan dəyib. Yaxın günlərdə Kerman, Hormozqan və Sistan-Bülecüstan vilayətlərində yağıntının ümumi normadan dəfələrlə artıq olacağı proqnozlaşdırılır. Bu vilayətlərin çay və göl sahillərində, çökək ərazilərində məskunlaşan əhaliyə xəbərdarlıq olunub.
Alborz və Tehran vilayətinin şimalında dağlıq ərazilərə qar yağması nəticəsində paytaxtın bəzi giriş-çıxış yolları bağlanıb. Gilan və Ərdəbil vilayətləri arasındakı Xalxal ərazisində isə güclü yağış avtomobil tunelinin uçmasına səbəb olub. Yol polisi yollarda yaranmış vəziyyətlə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Mənbə: Ans press