Ulduzsuz otellər...

22 Noyabr 2013 16:01 (UTC+04:00)

Rusiyada otellərin yeni sistemlə təsnifləşdirilməsi zamanı "ulduzsuz" otellər kateqoriyası yaranacaq. Rusiya Soçi olimpiyadası və idman oyunlarının keçirilən zaman otel probleminin yaranmaması üçün maraqlı qərar verib. Belə ki, şimal qonşumuz idman oyunlarına təşrif buyuracaq qonaqları yerləşdirmək üçün ulduzsuz otellərin inşasına başlamaq qərarına gəlib. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Otellərin bu cür məcburi təsnifləşdirilməsi 2015-ci ilin 1 iyul tarixində yekunlaşmalıdır. Yəni Moskvada və Rusiya Federasiyasının 10 vilayətində keçiriləcək futbol üzrə dünya çempionatı başlamazdan əvvəl proses başa çatmalıdır. Moskva Turizm və Otel xidməti üzrə Komitənin sədri Sergey Şpilko qeyd edib ki, komitə bu cür prosedurların qısa zamanda həyata keçirilməsinin tərəfdarı olmayıb. Ancaq onlar qanunla fəaliyyət göstərdiklərindən, bu prosedurlara hazır olmalıdırlar. Moskvada fəaliyyət göstərən 500 oteldən yalnız 22-si bu cür təsnifləşmədən keçib. 

Qeyd edək ki, Azərbaycan da dəfələrlə beynəlxalq idman yarışlarına, musiqi yarışlarına ev sahibliyi etdiyindən, ölkəmizdə qonaqların yerləşdirilməsi ilə bağlı zaman-zaman otel problemi məsələsi gündəmə gəlib. Azərbaycanda otellərin qiymətinin baha olması turizmin inkişafına mənfi təsir göstərən amil kimi də qeyd olunur. Ekspertlər də hesab edir ki, ulduz sayı az olan və ya "ulduzsuz" adlanan otellər inşa olunmadıqca bu vəziyyət davam edəcək. İqtisadçı-ekspert Vüqar Bayramlı  deyir ki, Azərbaycanda ucuz otellər tapmaq mümkün deyil: "Azərbaycanda otelçilk sektorundakı ciddi problemlərdən biri ondan ibarətdir ki, inşa edilən otellərin əksəriyyəti 4-5 ulduzlu otellərdir. Bakıda ulduzsuz və ya az ulduzlu otel tapmaq kifayət qədər müşkül məsələdir. Ölkəyə  il ərzində 2.2 milyon turist gəlir. Onların da 80%-i Bakıda keçirilən beynəlxalq tədbirlər ilə bağlıdır. Əgər Nyu Yorkda 20-30 dollarlıq otellər tapmaq mümkündürsə, Bakıda bu məsələ o qədər də rahat deyil. Son iki ildə tikilən otellərin təklif etdyi qiymətlər bir günə 200 manat təşkil edir. Otellərin sayınınn artması sevindirici hal olsa da, qiymətlər ciddi turist axınının  qarşını alır. Bakıda tikilən otellərin əksəriyyəti paytaxtda keçirilən beynəlxalq tədbirlərdə iştirak edənlər üçün nəzərdə tututlub. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər hələ ki, otellərin rentabelli işləməsinə imkan verir. Amma bu dayanıqlı bir proses olmadığı üçün gələcəkdə ulduzlu otellər belə müştəri qıtlığı ilə üz-üzə qala bilərlər. Odur ki, ulduzsuz otellərin Azərbaycanda inşası zəruridir. Bu ölkəyə gələn turistlərə seçim imkanı yaradacaq ki, bu da Azərbaycana turist axının artmasısı ilə nəticələnəcək".

Göründüyü kimi, "ulduzsuz" otellər təcrübəsi bütün dünyada var. Yəni otel ulduzsuzdursa, onda həmin otelin hansısa standartlara cavab verməsi şərt deyil.  Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin  rəisi Aydın İsmiyev isə Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda otellərdə xidmət səviyyəsi həmin otellərə verilən ulduzlarla ölçülür: "Əgər otelin ulduzu yoxdursa, deməli,  həmin otelə sertifikat verilməyib. Otellərə xidmət səviyyəsinə görə 3,4,5 ulduz verilir. Ulduzsuz otel o deməkdir ki, həmin obyekt otel sayıla bilməz. Belə lagerlər ola bilər. Oteldirsə, mütləq ulduzu olmalı, sertifikat almalıdır. Bizdə ulduzsuz otelin tikintisinə ehtiyac yoxdur".