Mavi yanacağa böyük ehtiyacı olan Avropa bu istiqamətdə fəaliyyətini genişləndirir və burada Azərbaycana da getdikcə daha böyük rol ayrılır. Burada isə Avropa İttifaqını Türkmənistan üzrə səlahiyyətli təmsilçisi Denis Danilidis maraqlı bir açıqlama verib.
O, Aşqabadda keçirilən "Türkmənistanın neft və qazı" adlı beynəlxalq neft-qaz konfransında çıxışı zamanı deyib ki, Brüssel və Aşqabad "Transxəzər" qaz kəməri üzrə danışıqların bitməsinə və saziş bağlanmasına səy göstərir: "Transxəzər" qaz kəməri əsas məsələdir və Avropa İttifaqı hesab edir ki, indi saziş bağlayıb qaz kəmərinin tikintisinə başlamaq üçün ən yaxşı vaxtdır. Danışıqlarda bir neçə qalan məsələləri müzakirə etmək zəruridir. İlk qaz kəməri Cənub Qaz Dəhlizi yaradılana qədər tikilib başa çata bilər". Danilidis deyib ki, Aİ Xəzərdən keçən kəmərin yüksək ekoloji standartlara uyğun olması barədə Azərbaycan və Türkmənistanla razılığa gəlib. Onun sözlərinə görə, bu barədə sənəd bu ilin sonunda təsdiq ediləcək.
Görəsən, Xəzərin statusu həll olunmadan "Transxəzər" kəmərinin reallaşması nə dərəcədə mümkündür? Bu layihənin gerçəkləşməsinə Rusiya hansı reaksiya göstərəcək?
Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyevin fikrincə, Avropa İttifaqı rəsmisinin sözügedən bəyanatı artıq "Transxəzər" qaz kəməri layihəsinin gerçəkləşməli olduğuna bir işarədir: "Əslində "Transxəzər" kəməri məsələsinə 1995-ci ildən start verilib. Həmin dövrdən bu layihəni ABŞ və Avropa strukturları müdafiə edir. Bu da həmin layihənin Qərbin layihəsi olduğuna dəlalətdir. "Transxəzər" layihəsi Mərkəzi Asiyanın karbohidrogen ehtiyatları, xüsusən də neft və qazının Xəzər dənizi üzərindən Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutan bir layihədir. Bu layihənin fəlsəfəsi ondan ibərətdir ki, Mərkəzi Asiyanın qaz və nefti Rusiyadan yan keçməklə Xəzərin dibi vasitəsilə Avropaya daşınsın.
Bu yaxınlarda isə Avropa İttifaqının Türkmənistandakı müvəqqəti işlər vəkili belə bir bəyanatla çıxış etdi ki, artıq "Transxəzər" qaz kəmərinin çəkilməsinin vaxtı yetişib. Onlar bu kəmərin gerçəkləşməsinin açar rolunu oynadığını bildirirlər. Məntiqlə də bu belədir. Əvvəllər də bildirmişdim ki, TAP kəmərinin gerçəkləşməsindən sonra Avropada yeni layihələrin şahidi olacağıq. Qısa müddətdən sonra Türkmənistan qazının da Avropada satışını görəcəyik. Bu baxımdan həmin kəmərin çəkilməsi Avropa strukturlarının maraq çərçivəsindədir, həm də Türkmənistanın özünə sərfəli bir layihədir.
Rusiya isə artıq "Qazprom"un timsalında Asiya bazarlarını nəzərət altına almaq istəyir. "Sivasibirya" kəmərinin ixrac imkanlarının artırılması ilə bağlı iri miqyaslı layihələr həyata keçirilir. Bu isə o deməkdir ki, Rusiya Asiya bazarında da öz inhisarçılıq mövqeyini daha da genişləndirmək məqsədi güdür. Burada "Qazprom" şirkəti timsalında Rusiya güzəştli siyasət yürüdür ki, bu halda da Türkmənistanın həmin məkanda şimal ölkəsi ilə rəqabəti mümkün görünmür. Ona görə də Türkmənistanın "Transxəzər" layihəsinə qoşulması onun enerji ehtiyatlarının gələcəkdə daha geniş şəkildə realizə olunmasına stimul verəcək. Türkmənistan indi qazının bir hissəsini İran, Pakistan və Hindistana satır. Amma o da var ki, Xəzərin hüquqi statusunun müəyyən olunmasında Azərbaycanla Türkmənistan arasında fikir ayrılıqları var. Həmçinin Xəzərin ekologiyası ilə bağlı da Xəzəryanı dövlətlər arasında bir saziş imzalanıb. Həmin sazişi əldə bayraq edən İranla Rusiya isə iddia edir ki, Xəzərin dibindən neft və qaz kəməri çəkilişinin gerçəkləşməsi hökmən Xəzəryanı dövlətlərlə razılaşdırılmalıdır. Bu da həmin ölkələrin Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya çıxarılmasında maraqlı olmamalarından qaynaqlanır. Onlar bunula özlərinin dominant olduğu ərazilərdə üçüncü bir qaz ixracatçısının olmasına əngəl olmaq istəyirlər".
Ekspert söylədi ki, "Transxəzər" layihəsinin çəkilməsi istər-istəməz Rusiyanın narazılığı ilə qarşılanacaq: "Son zamanlar Ukraynanın qaz məsələsində Rusiya ilə münasibətləri gərginləşib. Vaxt vardı ki, Ukrayna Rusiyadan ildə 40 milyon kubmetrə qədər qaz idxal edib. Həmin qazın da böyük hissəsi Türkmənistan qazı idi. Rusiya sərhəddə aşağı qiymətə Türkmənistan qazını alaraq sonradan yüksək qiymətlərlə Ukraynaya satırdı. Rusiya hələ də Ukraynaya satdığı qazın qiymətində güzəştə getməyi düşünmür. Baxmayaraq ki, Avropadakı alıcılarına münasibətdə güzəştli tariff siyasəti yürüdərək onlara qazın min kubmetrini 370-380 dollardan satmaqla bağlı məsələ qaldırıb. Kiyev isə güzəştli tariff siyasətini Ukraynaya tətbiq etmək fikrində deyil. Ukraynaya satılan qazın qiyməti 405-407 dollar arasında dəyişir. Bu isə yüksək tarifdir. Anoloji problemlə Türkmənistan da üzləşəcək. Moskva və Tehran Aşqabadın Şərq bazarında aparıcı mövqeyə çıxmasını təbii ki, istəməz. Eyni zamanda Rusiya Avropa bazarını da əlində saxlamaq istəyir. Ona görə hesab edirəm ki, bu gün Türkmənistan qazının ən optimal satış bazarı Avropadır. Bir neçə ildən sonra Avropanın qaza tələbatı yüksələcək. Yaxın dövdə bu qitədə əlavə 100 milyard kubmetrə yaxın qaza tələbat yaranacaq. Bu qitədə, Hollandiya və Norveçdə də qaz qaynaqları mövcuddur. Amma bu yataqlar bir müddətdən sonra tükənmək təhlükəsi ilə üzləşir. Həmin itkinin ödənilməsi üçün Avropa strukturları alternativ qiymətin formalaşması üçün Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə davamlı danışıqlar aparır ki, buradakı qaz ehtiyatları Xəzər vasitəsilə Azərbaycan və Türkiyə yolu ilə Avropaya çatsın. Bu əsasda da əminəm ki, 2018-ci ildən sonra "Cənub" enerji dəhlizi çərçivəsində Avropada yeni qaz kəmərlərinin şahidi olacağıq".