ARDDA Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 28-ci sessiyasında iştirak edir

25 Noyabr 2013 10:05 (UTC+04:00)

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycanın 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 25 noyabr - 04 dekabr 2013-cü il tarixlərində London şəhərində keçirilən Assambleyasının 28-ci sessiyasında iştirak edir.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd olunan sessiyada Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq Komitələrinin hesabatları dinləniləcək, "Yük nişanı haqqında Beynəlxalq Konvensiya", "Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya", "Dənizdə Gəmilərin Toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar"a təklif edilmiş dəyişikliklər nəzərdən keçiriləcək, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi ilə əlaqədar müzakirələr aparılacaq.

Sessiyada həmçinin, dünyanın 170 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Ali İcra orqanı olan Şura Üzvlüyünə seçkilərin keçirilməsi nəzərdə tutulub və Azərbaycan nümayəndə heyəti tam hüquqlu üzv olaraq həmin seçkilərdə iştirak edəcək.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qeyd olunan tədbirdə bir sıra dövlətlərin dəniz administrasiyaları rəhbərləri ilə görüşləri nəzərdə tutulub.