Xırda pullar tam dövriyyədən çıxarıla bilər

25 Noyabr 2013 16:14 (UTC+04:00)

Pulun zaman inflyasiyayası hazırda ölkədə xırda nominallı qəpiklərin işlənmə dövriyyəsini daha da daraltmaqdadır. Hazırda belə qəpiklərdən istifadə edən insanların və ticarət müəssisələrinin, digər obyektlərin sayı sürətlə azalmaqda davam edir. Enyi vəziyyətlə üzləşən bir sıra ölkələrdə, məsələn, Rusiyada xırda pullar dövriyyədən çıxarılır və onun istehsalı dayandırılır. Azərbaycanda xırda pulları da belə bir taleyin gözləyib-gözləməməsi haqda ekspertlərin rəyini öyrəndik.

 İqtisadçı-ekspert Natiq Cəfərli Movqe.az-a açıqlamasında Azərbaycanda xırda pulların yalnız bəzi marketlərdə istifadə oluduğundan, gələcəkdə dövriyyədən çıxarılması haqda düşünülə biləcəyini dedi: "Azərbaycandakı xırda pulların dövriyyəsi ilə Rusiyadakı xırda pulların dövriyyəsi arasında fərq var. Çünki, Azərbaycanda Rusiyadan fərqli olaraq, dollara nisbətən manatın güclü olmasını nəzərə almaq lazımdır.  Bildiyimiz kimi, Rusiyada 1 dolların dəyəri 30 rublun üzərindədir. Manat dollar qarşısında rus rubuluna nisbətən həmişə daha güclü olub. Ona görə də, bizdə xırda pulların işlənməsi gündəmdədir və iqtisadiyyatda daha lazımlıdır. Amma 1,3 və ya 5 qəpiklərin çox az şəkildə bəzi marketlərdə, alış-verişlərdə istifadə olunduğunu nəzərə alaraq, çox güman ki, bununla bağlı gələcəkdə müəyyən addımlar atılması gündəmə gələ bilər. Çünki, gələn il də inflyasiyanın bu ildən və ötən illərdən daha yüksək olacağı gözlənilir". 

Ekspert qəpiklərin maya dəyəri ilə nominal dəyəri arasındakı fərqi araşdırmağa ehtiyac olduğunu da bildirdi: "Bundan əlavə pulun maya dəyərinə baxmaq lazımdır. Maraqlı bir məsələni diqqətinizə çatdırmaq istərdim ki, bu yaxınlarda türk quruşunun maya dəyərini hesabladılar. Gördülər ki, bir quruşun maya dəyəri 2.2 quruşa başa gəlir. Bununla bağlı ölkədə çox ciddi bir diskussiya yarandı ki, o 1 quruşun maya dəyəri onun nominal dəyərindən iki dəfə artıqdırsa, onu istehsal edib dövriyyəyə buraxmaq nə qədər nə qədər iqtisadi məntiqəuyğundur? Diskussiyaların sonunda qərara gəlindi ki, gələn ildən Türkiyə yeni bir düzənləməyə gedəcək. Bu cəhətdən, baxmaq lazımdır ki, Azərbaycanda dövriyyədə olan 1, 3, 5 qəpiklik pulların maya dəyəri nə qədərdir və onun maya dəyəri ilə nominal dəyəri arasında fərq varmı? Çox təəssüf ki, bununla bağlı bizdə ciddi göstərici rəqəmlər yoxdur. Mərkəzi Bankın bununla bağlı göstəriciləri olsaydı, bu, bizə daha geniş bir şəkildə düşünməyə əsaslar verərdi. Ona görə də, pulların maya dəyərinə baxmaq lazımdır. Əgər, maya dəyəri nominal dəyərdən yüksəkdirsə, belə pulların gələcəkdə dövriyyədən çıxarılması haqda düşünməyə dəyər".  

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev də saytımıza verdiyi açıqlamada xırda pullardan marketlərdə psixoloji qiymət vasitəsi kimi istifadə olunduğunu və inflyasiyadan əlavə məhz bu səbəbin də belə pulları istifadədən dayandırdığını qeyd etdi: "Bu gün Azərbaycanda xırda pulların geniş mənada istifadə dairəsi məhduddur. Ona görə ki, bunların ən geniş istifadə edilə biləcəyi yer nəqliyyat sektorunda gediş haqqıdır ki, burda da qiymətlər heç 20 qəpikdən aşağı deyil. Belə bir şəraitdə, təbii ki, xırda pulların dövriyyə imkanları məhdud olur. Bunlardan əsasən iri marketlərdə qiymətlərin nisbətən azaldılmasında isitifadə olunur. Yəni, belə mağazalarda məhsullara qiymət qoyularkən hər zaman yuvarlaq rəqəmlər deyil, məsələn, 60 qəpik əvəzinə 59 qəpik, 1 manat əvəzinə 99 qəpik və s. kimi psixoloji qiymətlərdən istifadə olunur və həmin zaman bu qəpiklərə ehtiyac yaranır. Və diqqət edilsə, görərik ki,bu gün doğurdan da xırda pullardan istifadə məhz iri marketlərdə xırdanın qaytarılması zamanı baş verir. İkinci diqqət çəkən cəhət isə ondan ibarətdir ki, əhalinin əksər hissəsi pulun qalan o qəpik hissəsini götürmürlər. Onlar, adətən 20 qəpikdən aşağı olan məbləğləri götürməkdən imtina edirlər. Hətta, son zamanlar bəzi marketlərdə artıq qəpiklərin əvəzinə kibrit, konfet və ya bu kimi xırda məhsullar verilir. Çünki, insanlar o qəpikləri almaqdan imtina edirlər. Bu da onun faktiki olaraq xırda pulların istifadədən qalmasının göstəricisidr. Satıcılar alıcılarla aralarında olan münasibət poulmasın deyə, pulun qalığını başqa yolla da olsa qaytarmağa çalışırlar. Əhali isə bu xırda qəpiklərdən ona görə imtina edir ki, sonradan onlardan başqa yerlərdə istifadə edə bilmir.  Onlardan yalnız marketlərin özündə istifadə etmək olur. Ona görə insanlar bu pulları ciblərində gəzdirməkdə maraqlı olmurlar. Yəni, faktiki olaraq, bunlar dövriyyədən çıxmaq ərəfəsində olan vəsaitlərdir. Ancaq inflyasiya prosesi də bunu sürətləndirən amillərdən biridir.  İnflyasiya ticarətdə xırda pullara olan ehtiyacı azaldır. 

Mən deyərdim ki, o pulların bu gün sıradan çıxmasında önəmli rol oynayan məhz marketlərdə istifadə olunan  psixoloji qiymətlərdir. İnflyasiyanın güclənməsi təbii ki, psixoloji qiymətlər məsələsini də aradan qaldıra bilər və həqiqətən bu pulların dövriyyədən çıxması mümkündür".