Milli Məclis Avropa Parlamentinə etirazını bildirib
25 May 2012 20:33 (UTC+04:00)
Bu qətnamə təcili, təxirəsalınmaz keçirilən iclasda qəbul edildi.
Bunu cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Valeh
Ələsgərov deyib.
Onun sözlərinə görə, bir ay əvvəl Avronest Parlament
Assambleyasının Bakıda keçirilən iclası zamanı insan haqları, söz
azadlığı ilə bağlı məsələlər üzrə sənədlər qəbul olunub. Lakin
bundan bir ay keçməmiş Avropa Parlamentinin 754 deputatından yalnız
56 üzvünün iştirakı ilə təxirəsalınmaz toplantı təşkil edilərək 49
nəfərin lehinə səsverməsi nəticəsində Azərbaycanda insan haqlarının
vəziyyətinə dair qətnamə qəbul olunub.
"Nəzərə alsaq ki, iyunun 20-21-də Avropa Parlamenti - Azərbaycan
Milli Məclisi əməkdaşlıq komitəsinin iclası keçirilməlidir. Bu
əməkdaşlıq hərtərəfli, qarşılıqlı hörmət və qanunvericiliyin
təkmilləşdirilməsi və digər məsələləri əhatə etməlidir. Lakin buna
baxmayaraq, Avropa Parlamentinin başqa qrupların təsiri altında
olan bir qrup deputatının tələsik təxirəsalınmaz iclas keçirərək
Azərbaycanın əleyhinə qərar qəbul etməsi bizdə dərin təəssüf hissi
doğurur. Əgər bu qərar birgə komitənin iclasında, çoxluğun iştirakı
ilə qəbul olunsaydı, heç bir təəssüf və təəccüb doğurmazdı", - o
deyib.
Ələsgərovun sözlərinə görə, "Eurovision 2012" mahnı müsabiqəsinin
Bakıda yüksək səviyyədə təşkil olunduğu bir vaxtda belə bir qərarın
qəbul olunması antiazərbaycan təbliğatından başqa bir şey
deyil.
"Sanki kimlərsə Azərbaycanı Avropaya buraxmamağı qarşısına məqsəd
qoyub. Amma bunun da kökündə bir qaranlıq məqam var. Azərbaycanın
son illər əldə etdiyi uğurlar, regionda həyata keçirdiyi
irimiqyaslı layihələr bəzi qüvvələrin qısqanclığına səbəb olub.
Müstəqil, güclü Azərbaycanı görmək istəməyən qüvvələr məhz bu
yollarla Azərbaycanın inkişafına mane olmaq, onun dünyada artan
müsbət imicinə zərbə vurmaq istəyirlər", - vitse-spiker deyib.
O qeyd edib ki, bu cür siyasət təkcə Azərbaycana qarşı deyil,
Avropaya inteqrasiya yolu tutmuş digər ölkələrə qarşı da həyata
keçirilir.
"Bir vaxtlar Ukraynanı Avropaya ən sürətlə inteqrasiya edən ölkə
adlandıranlar indi hətta orada futbol üzrə Avropa çempionatının
keçirilməsinə belə etiraz edirlər", - Ələsgərov vurğulayıb.
Ələsgərov həmçinin qeyd edib ki, bu məsələ əməkdaşlıq komitəsinin
iyunun 20-21-də Brüsseldə keçiriləcək iclasında kəskin şəkildə
qaldırılacaq və Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin
qəbul etdiyi bu qərara qəti etirazını bildirəcək.
Milli Məclis sədrinin müavini onu da bildirib ki, bütün bunlara
baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya, demokratik inkişaf
yolundan dönməyəcək, ölkədə insan hüquqlarının müdafiəsi
istiqamətində islahatlar davam etdiriləcək.