BMT nümayəndəsi: "Qlobal miqyasda hər 3 qadından biri bu və ya digər formada zorakılığa məruz qalır"

25 Noyabr 2013 20:01 (UTC+04:00)

"Qlobal miqyasda hər 3 qadından biri bu və ya digər formada fiziki, emosional və digər zorakılığa məruz qalır. Dünyada 600 milyon qadın qadınlara qarşı zorakılığın həyata keçirildiyi müxtəlif ölkələrdə yaşayır".


Bunu BMT-nin Əhali Fondunun Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Zahidul Huq "Qadınlara qarşı zorakılığa "yox" deyək!" layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. 


O bildirib ki, qadınlara qarşı zorakılığın baş verməsi bilavasitə ölkənin inkişafını ləngidən məsələdir. Z.Huqun sözlərinə görə, hər bir ölkənin davamlı inkişafı yalnız ölkə əhalisinin siyasi, sosial, iqtisadi fəaliyyətlərdə iştirak etməsi vasitəsilə təmin oluna bilər: "Qadınlar dünya əhalisinin yarısını təşkil etsə də, bəzi ölkələrdə onlar cəmiyyətdən təcrid olunmuş şəkildə qalırlar. Qadınlar öz insan hüquqlarını, azadlıqlarını azad şəkildə icra edə bilmirlər. Uşaq və ya erkən yaşda nikahların bağlanması kimi hallarla məhz qadınlar üzləşirlər. Bu isə qızlara qarşı ayrı-seçkiliyin həyata keçirilməsi deməkdir. Bəzən selektiv abortlardan qız uşaqlarının dünyaya gətirilməməsi məqsədilə istifadə edilir".


Z.Huq qeyd edib ki, Azərbaycanda isə bu istiqamətdə vəziyyət fərqlidir. Onun sözlərinə görə, Azərbaycanda ailə planlaşdırılması, siyasi, iqtisadi, mədəni, sosial, təhsil, səhiyyə sahələrində qadınların hüquqları bərqərar edilib.