Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı, müavini Rəşid Mustafanı və UNICEF-in regional Ofisinin (Cenevrə, İsveçrə) QİÇS üzrə baş məsləhətçisi-beynəlxalq ekspert Nina Ferenkiçi qəbul edib.
Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Nazirlər Kabinetində keçirilən görüşdə Əli Həsənov ölkədə mövcud olan narkotik vəziyyət, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ölkə prezidenti səviyyəsində yetirilən diqqət və tələbkarlıq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib.
Əli Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, onların istehsalı, işğal olunmuş ərazilərimizdən narkotiklərin qanunsuz daşınması barədə məlumatların BMT-nin müvafiq qurumlarına mütəmadi olaraq çatdırıldığını, lakin Ermənistanın müxtəlif bəhanələr gətirərək BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmadığını, aidiyyəti təşkilatların da lazımi tədbirləri görmədiyini bildirib. Əfqanıstanda istehsal olunan narkotik vasitələrin ölkəmizə daxil olma marşrutları haqqında danışan Əli Həsənov bildirib ki, Böyük Britaniyada çap olunan "The Lancet" tibb jurnalında Azərbaycanda narkomanların sayının 300.000 min olduğun, inyeksiya yolu ilə narkotik qəbul edənlərin sayının rəsmi rəqəmlərdən kəskin fərqləndiyi yazılıb. O, narkomanların dəqiq sayının müəyyənləşdirilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün dəfələrlə BMT-nin müvafiq qurumlarına müraciət etdiyini diqqətə çatdırıb. Görüşdə Azərbaycan prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın surəti qonaqlara təqdim olunub.
Mark Herevardıaz təminatlı ailələrdə böyüyən uşaqlar, o cümlədən müharibədən əziyyət çəkən ailələrdə böyüyən yeniyetmələr və digər kateqoriyadan olan uşaqlara yardım proqramı çərçivəsində müvafiq tədbirlərin görüləcəyi təklifini, Nina Ferenkis isə QİÇS-in yayılmasının qarşısının alınmasında Azərbaycanda müvafiq layihələrin tətbiqinin mümkünlüyünü qeyd ediblər. Əli Həsənov rəsmi müraciət olunduqdan sonra hər iki təklifə hökumətin müvafiq strukturlarında baxılacağını bildirib.
Görüşdə Nazirlər Kabinetinin Hərbi və İnzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə, şöbə müdirinin müavini Ceyhun Hüseynov, Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev və İşçi Qrupunun mütəxəssisi Turcay Əhmədov iştirak ediblər.