Evlərin qiymətini kompüterlər müəyyən edəcək?!

26 Noyabr 2013 08:07 (UTC+04:00)

Cari ilin noyabrın 1-dən etibarən, Ukraynada daşınmaz əmlakın qiymətləndirilməsi prosesi kompüterlərə həvalə olunub. Əmlakın yerləşdiy yerə getmədən onun qiyməti 5-7 dəqiqə ərzində müəyyən olunur. Bu zaman alqı-satqı predmetinə çevrilən daşınmaz əmlakın kvadratmetrindən tutulan vergi qiymət kimi qoyulan dəyərdən tutulur.

Bundan sonra isə artıq digər qiymətləndiricilərin xidmətindən istifadə olunmur və prosesdən ukraynalılar çox məmnun görünür.

Qiymətləndiricilərlə bağlı məsələ Azərbaycan üçün də aktualdır. Məsələn, banklar adi ipoteka kreditləşməsində girov kimi qoyulan mənzilin ən yaxşı halda real dəyərinin yarııs qədər vəsait ayırmağa razılıq verirlər.

Müşahidələr göstərir ki, ölkə vətəndaşları nadir hallarda onlara lazım olan qədər ipoteka krediti götürə bilir. Alqı-satqı predmeti olan və ya girov qoyulan mənzillər bazar qiymətinə nisbətən həddindən çox aşağı qiymətləndirilir.hesab olunur ki, problemdən çıxış yolu kimi Ukrayna təcrübəsiən müraciət oluna bilər.

"MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimovun sözlərinə görə, bunun praktiki olaraq tətbiq edilməsi mümkün deyil: "Çünki, qiymətləndirməyə təsir edən 27-ə yaxın göstərici var. Ona görə də kompüterin bu faktorların hamısını nəzərə alması mümkün deyil. Vaxtı ilə şahmat olyunlarını da kompüterləşmişdilər. Ancaq nə qədər kompüterləşdirilsə də, insan zəkasına çata bilmir. Eyni binada, eyni blokda yerləşən, eyni sahəli mənzillərin qiymətləri bir-birindən fərqlənir. Çünki bu, fərdi yanaşmadır. Yanaşmada insan bütün amilləri nəzərə ala bilir. Ancaq kompüter nəzərə ala bilmir. Kompüter necə nəzərə alsın ki, mənzilin qiymətinə təsir edən faktor qonşusunun psixi vəziyyətidir? Ona görə də burada çıxış variantı kimi, qiymətləndiricilərin məsuliyyətini artırmaq lazımdır. Elə yeni qanun layihəsində bu, nəzərdə tutulub. Çünki, Azərbaycanda "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun 1998-ci ildən qəbul olunub. Amma hazırda həmin qanun günün tələblərinə cavab vermir. Ona görə də Milli Məclisdə yeni qanun layihəsinə baxılır. O qanun layihəsində bütün bu məqamlar nəzərə alınıb. Yəni, qiymətləndiricinin bütün məsuliyyəti orada öz əksini tapır. O qanun layihəsinin qəbulundan sonra qiymətləndiricilər verdikləri rəyə böyük məsuliyyətlə yanaşacaqlar. Bilərəkdən və ya bilməyərəkdən kənarlaşmaya yol verəcəklərsə, artıq orada məsuliyyətə cəlb olunacaqlar".

İqtisadçı ekspert Samir Əliyev isə tam əks fikirdədir: "Bu gün qiymətləndirmə sahəsində müəyyən boşluqlar var. Ən əsası, qiymətləndirici şirkətlər və banklar arasında dostluq münasibətinin olması ona gətirib çıxarır ki, qiymətləndirmənin nəticələri bankın siyasətinə uyğun aparılır. Yəni, bankın öz qiymətləndirici şirkəti var. Bizdə girovun ən yaxşı halda 70%-i və yaxud da ki, standart olaraq 50% həcmində kredit verilir. Amma fərqli paraktikası olan ölkələr az deyil. Məsələn, Almaniyada girovun dəyərindən 3 dəfə artıq kredit götürmək olur. Bizdə qiymətləndirmədə elə qiymət tətbiq edirlər ki, müştəri pulu qaytamayanda daşınmaz əmlak satışa çıxarılarkən onu ən qısa müddətdə satmaq mümkün olsun. Ona görə də qiymətləndirmə zamanı əmlaka bazar dəyərinin təxminən 90% həcmində dəyər qoyulur. Bunun üçün müəyyən təcrübələr var. Bu təcrübələr ondan ibarətdir ki, ölkədə baza yaradılmalıdır. Bu baza öz hesabına yaradılmır. Baza kütləvi şəkildə qiymətləndirmənin nəticəsi olaraq yaradılır. Yəni, ölkədə kütləvi şəkildə qiymətləndirmə aparılır. Hansı ki, bu, bütün dünyada tətbiq edirlər. Qiymətləndirmələr təkcə girov məqsədi ilə yox, həm də əmlak vergisi üçün aparılır. Mənzillərin qiymətləri bu bazaya daxil edilir. Hər il inflyasiya səviyyəsinə və daşınmaz əmlak bazarındakı tendensiyaya uyğun olaraq müəyyən əmsallar tətbiq etməklə həmin bazarda qiymətlər müəyyən olunur. Banklardan kredit götürürkən bunun əsasında bank bazaya daxil olaraq əmlakın bazar dəyəri barədə təsəvvürü formalaşır. Burada qiymətləndiricilərin qiyməti tətbiq edilmir. Belə üsulun tətbiqi ölkəmizdə də yaxşı olardı. Bizdə isə hələ daşınmaz əmlak bazası tam yaradılmayıb. Bu baza tam formalaşandan sonra gələcəkdə əmlak vergisi də bazar dəyəri əsasında tutulsa yaxşı olar".