Hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat aparılır
Zaqatalada 4 nəfərin olduğu avtomobilə atəşin açıldığı "VAZ-2107" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcov saxlanılıb. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, o, saxlanılarkən polisə müqavimət göstərib. Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat aparılır.
Qeyd edək ki, noyabrın 24-də saat 16:00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.
V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.