Noyabrın 23-24-də Mingəçevir şəhərində "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin, Gənclər üçün Təhsil Mərkəzi İB və Azərbaycan Könüllülər İctimai Birliyi təşkilati dəstəyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən "Region gəncləri üçün Onlayn Media Məktəbi" layihəsi çərçivəsində təlim keçirilib. Müxtəlif regionlarından olan 30-a yaxın gəncin iştirak etdiyi təlimdə region gənclərinə yeni media və onlayn jurnalistika sahəsində bilik və bacarıqlar tədris olunub.
İki günlük praktik məşğələ və 3 həftəlik onlayn dərslərdən ibarət olan media layihəsinin məqsədi regionlarda yaşayan gənclərə jurnalistika bilikləri aşılamaq və yeni medianın bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar öyrətmək, həmçinin regional medianın inkişafına töhfə verməkdir.
Qeyd edək ki, "Region gəncləri üçün Online Media Məktəbi" fərdi layihədir. Onun reallaşmasınının əsas dəstəkçilərindən olan "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB 2012-ci ildə təsis olunub. Birliyin məqsədi Azərbaycanda etik və obyektiv jurnalistika standartlarının yüksəldilməsinə dəstək olmaqdır. AJŞ jurnalistlərin peşə bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları və tədbirlər təşkil edir. Eyni zamanda ölkədə və dünyada jurnalistlər üçün təşkil olunan seminarlar, təhsil imkanları və vakansiyalar barədə məlumatlar yayır.