"Mesajların birində Sevinc Babayeva yazıb ki..."-YENİLƏNİB

26 Noyabr 2013 15:03 (UTC+04:00)

17:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Movqe.az xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesinə Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun çıxışı ilə başlanılıb. Ə. Talıbov çıxışına ibtidai istintaqla məhkəmə istintaqı zamanı üzə çıxmış ziddiyyətli məqamlarla başlayıb. Ə. Talıbov bildirdi ki, məhkəmə istintaqında şahidlər ifadələrini təsdiqləməyiblər: "Ayxan Məmmədov istintaqa ifadəsində bildirib ki, anası ilə telefon əlaqəsi saxlayıb, özü və xalası Sevinc Babayevanı görmək üçün Türkiyəyə gediblər. Hətta xalası xeyli müddət Sevinc Babayevanın yanında da qalıb. Bu faktlar bir daha onu təsdiqləyir ki, mərhum Sevinc Babayevanın ölkəyə qayıtmasına Gülər Əhmədova maneəçilik törətməyib. Sevinc Babayeva istəsəydi bacısı, oğlu ilə birgə Azərbaycana qayıda bilərdi. Daha bir toxunmaq istədiyim məqam odur ki, S. Babayevanın Elşad Abdullayevdən pul alaraq Gülər Əhmədovaya verməsi iddiasında şahid ifadələri ölən şəxsin dilindən verilib. Şahidlər ölən şəxsin adından yəni S. Babayevanın adından danışırlar ki, qanunla ölmüş şəxsin adından səslənən şahid ifadələri qəbulolunmazdır. Mesajlar məsələsinə gəldikdə isə, deyim ki, istintaq zamanı S. Babayevanın Tavat Şirinovaya  yazdığı mesajlardan mərhumun Elşad Abdullayevin əlindən yanıqlı olduğu açıq-aşkar görünür. Mesajların birində Sevinc yazıb ki, "gəlib Elşadın vayına oturacam" . Daha bir mesajda isə "Elşaddan pullarımı alacam" yazılıb. Burada məntiq var. Əgər S. Babayeva pulu G. Əhmədovaya versəydi deyərdi ki, gəlib pulu Gülər Əhmədovadan alacam. Yaxudda G. Əhmədova pulu ona qaytarmamışdısa, yazmalıydı ki, G. Əhmədovanın "vayına oturacam". Bəs niyə Sevinc Elşad Abdullayevə qarğıyırdı? Axı o pulu G. Əhmədovaya vermişdisə mütləq günahkar da Gülər xanımı görməli idi. Mənim fikrimcə mesajlar nəzərə alınırsa, bu mesajlar da ciddiyə alınmalıdır. Daha bir məqam videnun gizli çəkiliş olmasıdır ki, bunu da E. Abdullayevin çəkiliş apardığı məkanda kameranın yalnız onun otağında divara gizli yerləşdirilməsi sübut edir. Axı şahidlər də dedilər ki, onların Elşadın otağında kamera quraşdırmasından xəbərləri olmayıb. Bu kamera mühafizə məqsədilə quraşdırılmışdısa, kamera görünən yerdə qoyulmalı idi ki, hamı görsün. Bu faktlar bir daha E. Abdullayevin həmin vidiolenti gizli yolla əldə etməsini sübut edir. Qanunlarımız isə gizli çəkilişi sübut kimi qəbul etmir. Bu işdə sübutun olmadığı göz qabağındadır. Ekspertiza təsdiqləyir ki, çəkilişin keyfiyyəti orta aşağıdır. Həmçinin çəkilişin aparıldığı müddəti ayı, ili, günü, saatı müəyyən etmək mümkün deyil. Video bir fayldan başqa bir fayla köçürülüb. Belə olan halda, bu video necə sübut kimi qəbul edilə bilər? Toxunmaq istədiyim başqa bir məqam isə şahid ifadələrinin məhkəmə istintaqında təsdiqlənməməsidir. Özünüz də gördünüz ki, şahidlərin əksəriyyəti məhkəmədə çıxış edərkən ifadələrini təsdiq etmədilər. Bütün bunlar nəzərə alınmalıdır. G. Əhmədovaya Cinayət Məcəlləsinin 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddəsi ilə irəli sürülən ittiham əsassızdır. Çünki həmin maddəyə əsasən, G. Əhmədovanın Səlcuq Ağlayanla cinayət əlaqəsinə girərək, Sevinc Babayevanı Türkiyədə gizlətməsi ittihamı irəli sürülüb. Lakin Türkiyə məhkəməsi tərəfindən Səlcuq Ağlayan bəraət alıb. Bunun üçün də həmin maddə əsassız hesab olunmalıdır".

Məhkəmə Ə. Talıbovun çıxışını yarımçıq kəsərək nahar fasiləsi elan etdi.  Proses günün ikinci yarısından sonra da davam etdi.  Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxışını davam etdirərək Gülər Əhmədovanın əməlində cinayət tərkibi olmadığından cinayət işinə xitam verilməsini, G. Əhmədova barəsində bəraət hökmü çıxarılmasını tələb etdi. Daha sonra son söz demək üçün söz G. Əhmədovaya verildi. G. Əhmədova çıxışa hazır olmadığını bildirərək  hakimə müraciət etdi: "Məhkəmə prosesləri tez-tez təyin olunur. Mən özümü yaxşı hiss etmirəm. Təcridxanada isə yaxşı həkim yoxdur. Prosesə gələndə dərman içib, gəlirəm. Xahiş edirəm ki, yaxşı bir həkimin məni müayinə etməsinə köməklik göstərəsiniz. Həmçinin prosesdə vəkilimin yanında oturmağıma icazə vermənizi xahiş edidrəm. Bu, iztirablardan bir qədər azad olmağıma kömək olar".

Kiçik müşavirədən sonra hakim bildirdi ki, həkim məsələsi məhkəmənin səlahiyyətində deyil. Məhkəmə G. Əhmədovaya çıxış üçün vaxt verərək  proses dekabrın 2-ə dək təxirə saldı. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.



***


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. Prosesin ikinci hissəsində Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxışını davam etdirib. Əfsər Talıbov bildirib ki, Gülər Əhmədovanın əməlində cinayət tərkibi yoxdur. Vəkil xahiş edib ki, cinayət işinə xitam verilsin və G. Əhmədova barəsində bəraət hökmü çıxarılsın. Daha sonra son söz demək üçün söz G. Əhmədovaya verilib. Təqsirləndirilən şəxs çıxışa hazır olmadığını bildirib: "Mənim sizdən bir neçə xahişim var. Məhkəmə prosesləri tez-tez təyin olunur. Mən isə özümü yaxşı hiss etmirəm. Təcridxanada da yaxşı həkim yoxdur. Prosesə gələndə dərman içib, gəlirəm. Xahiş edirəm ki, yaxşı bir həkimin məni müayinə etməsinə köməklik göstərəsiniz. Həmçinin prosesdə vəkilimin yanında oturmağıma icazə vermənizi xahiş edidrəm. Bu, iztirablardan bir qədər azad olmağıma kömək edər. Xahiş edirəm mənim bu müraciətlərimi cavabsız qoymayın". 

G. Əhmədova məhkəmədən çıxış üçün vaxt istəyib. Hakim isə deyib ki, həkim məsələsi məhkəmənin səlahiyyətində deyil. Məhkəmə G. Əhmədovaya çıxış üçün vaxt verib.Proses dekabrın 2-də davam etdiriləcək.

Sabiq millət vəkili  Gülər Əhmədovanın məhkəmə iclası keçirilir. Movqe.az xəbər verir ki Vəkil Əfsər Talıbov məhkəmədə çıxışı zamanı  ibtidai istintaq prossesində olan məqamlara toxunub. Bildirib ki, çoxsaylı şahid ifadələrində ziddiyyətlər var. Vəkil  bildirib ki, ibtidai istintaq zamanı şahid qismində ifadə verən şəxslər məhkəmə zamanı ifadələrini təsdiqləməyiblər. Həmçinin vəkil qyd edib ki, Gülər Əhmədova ilə Elşad Abdullayevin arasında olan video məsələsi gizli çəkiliş olduğundan sübut sayıla bilməz. 

Məhkəmə prossesi nahardan sonra, saat 14:30-da davam etdiriləcək. 


                    14:03


Vəkil Əfsər Talıbov məhkəmə qarşısında Gülər Əhmədovaya bəraət tələb etdi.