Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda səfərdə olan Dünya Bankının (DB) baş mütəxəssisi Saçiko Kataoka ilə görüşüb.
Konfederasiyadan "APA-Economics"ə verilən məlumata görə, görüşün əsas məqsədi DB-nın Azərbaycanda təhsil sahəsindəki mövcud vəziyyəti araşdırması ilə əlaqədar həyata keçirdiyi layihənin gedişi ilə bağlı müzakirəsi olub.
ASK prezidenti M.Musayev ölkədə peşə və ali təhsil sahəsində və onların biznes təşkilatları ilə əlaqəsi haqqında ətraflı məlumat verib. Dünya Bankının bu sahə ilə maraqlanmasını təqdirəlayiq hal hesab edən M.Musayev Konfederasiyanın tərkibində peşə təhsili komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlət tərəfindən xeyli iş görülsə də, hazırda bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur. Belə ki, müasir dövrün tələbinə uyğun əyani vəsaitlərin olmaması, biliklərin təcrübədə tətbiq edilməməsi bu sahədə müəyyən nöqsanlara yol açır. ASK prezidenti bunun əsas səbəbinin kadrların vaxtı ilə sosialist iqtisadiyyatına uyğun hazırlanmasında görür. Bildirilib ki, biznes sektorunda ixtisaslı kadrlara tələbat yüksəkdir. M.Musayev qeyd edib ki, artıq strategiya dəyişib, indi ölkədə iqtisadiyyatın bütün sahələri inkişaf edir. Bu səbəbdən də həm ali, həm də peşə təhsilli kadrlara tələbat artır.
S.Kataoka isə bildirib ki, onun Azərbaycana səfəri də məhz bu məqsədə xidmət edir. İlk mərhələdə ölkədə ali təhsil sahəsini araşdırılacağını deyən S.Kataoka Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirdiyini, bu sahədəki ehtiyacları öyrənərək müvafiq layihə hazırlayacaqlarını xəbər verib. Dünya Bankı hazırda bu layihə üzərində işləyir. ASK ilə əməkdaşlıq edəcəklərini deyən Bank nümayəndəsi Konfederasiyanın təcrübəsindən yararlanacaqlarını da istisna etməyib.