Lətifə Soyuözə həyat yoldaşından bahalı ad günü hədiyyəsi

26 Noyabr 2013 14:28 (UTC+04:00)

Opera və vokal ifaçısı Lətifə Soyuöz bu gün 25 yaşını qeyd edir. Bu ad gününü Şəkidə keçirən ifaçı böyük sürprizlərlə qarşılaşıb. Belə ki, Şəkinin Kanal S televiziyasında əməkdar artist Sənubər İsgəndərlinin verilişində Lətifəyə özəl doğum günü şənliyi təşkil olunub. Və bu tarixə keçən ilk dəqiqədən etibarən Lətifə verilişə daxil olub və kanalın bir çox əməkdaşları onu elə canlı yayımda təbrik ediblər.

Təəssüratlarını Movqe.az-la bölüşən Lətifə bu ad gününü unutmayacağını vurğuladı: "Gözlənilməz sürpriz oldu. Çox sağ olsun Kanal S-in əməkdaşları. Ümumiyyətlə, bu il ad günü qeyd etməsəm də dostlarım, doğmalarım və tamaşaçılarım mənə bu ilki doğum günümü unudulmaz etdilər. Gün davam etməkdədir və özümü çox xoşbəxt hiss edirəm".

Lətifədən ən özəl hədiyyəsini də soruşduq. Məlum oldu ki, hər il olduğu kimi onu ilk təbrik edənlər sırasında anası Ofeliya xanım və həyat yoldaşı Dəniz olub. Anasının nə aldığı hələ gizli saxlanılsa da Dənizin ifaçı üçün bahalı zinət əşyası aldığı məlum oldu.

Onu da xatırladaq ki, ifaçının yeni klipi işıq üzü görməyə hazırdır. Yaxın günlərdə o sənət dostlarını və media nümayəndələrini başına toplayıb rejissor Anar Hüseynovun ərsəyə gətirdiyi klipi təqdim edəcək. İfaçı mətbuat konfransında eyni zamanda uzun müddətdir danışılan və onun əhvalını korlayan məhkəmə söhbətinə də son qoyacaq. Həmin gün jurnalistlərin qarşısında Lətifə ilə məhkəmədə üz-üzə gələn və adı açıqlanmayan məşhur sima da çıxacaq.

Sonda biz də saytımız adından Lətifə xanımı təbrik edib, ona işlərində müvəffəqiyyətlər arzu edirik.