Amerikalı konqresmenlərin Bakıya səfəri başa çatıb

26 Noyabr 2013 16:03 (UTC+04:00)

ABŞ-ın Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından Respublikası Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət CoDEl nümayəndə heyətinin Bakıya üçgünlük səfəri başa çatıb.

APA-nın məlumatına görə, səfər çərçivəsində konqresmenlər ölkənin ictimai-siyasi, mədəni həyatı ilə tanış olmaq imkanı əldə ediblər. Konqresmenlərin səfərinin ilk günü Heydər Əliyevin  məzarının ziyarət olunması ilə başlayıb. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyətinə müasir Azərbaycan tarixinin təzadlı və faciəvi dövrü haqqında geniş məlumat verilib.

Bu üç gün ərzində Azərbaycanın yüksək rütbəli məmurları, ictimai xadimləri ilə görüşən konqresmenlər Azərbaycan Diplomatiya Akademiyasının da qonağı olublar. Akademiyanın rektoru Hafiz Paşayevlə görüşən nümayəndə heyəti Azərbaycan təhsilinin bu günü haqqında fikir mübadiləsi aparıblar.

Akademiyada gördüklərindən heyran olduqlarını bildirən konqresmenlər buranı Harvard və Corctaun universitetləri ilə müqayisə ediblər. Heydər Əliyev mərkəzində təşkil olunan ekskursiya çərçivəsində konqresmenlər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar. Bakının özündə həm qədim, həm də müasir memarlıq ənənələrini ahəngdar şəkildə yaşatması konqresmenlərin ən çox heyran olduğu məqam idi. Amerikalı konqresmenlər ən yaxın zamanda Azərbaycana yenidən istirahət üçün qayıdacaqlarını bildirərək burdan zəngin təəssüratlar və ölkəmiz haqqında ən yüksək fikirlərlə ayrılıblar.