Vitse-prezidentə xüsusi kubok təqdim edilib

26 Noyabr 2013 21:30 (UTC+04:00)

Namiq Əliyevə Afrika Güləş Konfederasiyası və Macarıstan Güləş Federasiyası adından xüsusi kuboklar təqdim olunub

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Yarışlar zamanı Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevə Afrika Güləş Konfederasiyası və Macarıstan Güləş Federasiyası adından xüsusi kuboklar təqdim edilib.


Kuboklardan biri Macarıstan və Azərbaycan Güləş Federasiyaları arasında yüksək səviyyəli münasibətlərin yaradılmasında, bu ilin sentyabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya çempionatının təşkilində yüksək xidmətlərinə görə Macarıstan Güləş Federasiyasının Prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Çaba Heqeduş tərəfindən təqdim edilib.


Digər kuboku isə, Afrika Güləş Konfederasiyasının prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Fuad Meskout təqdim edib. Afrikada güləş idman növünün populyarlaşmasında və lazımi infrastrukturun yaradılmasındakı yüksək xidmətlərinə görə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev Afrika Güləş Konfederasiyasının xüsusi kuboku ilə təltif edilib.