Bakı-Qazax yolunda mikroavtobus “KamAZ”la toqquşub, ölənlər və yaralananlar var

27 Noyabr 2013 09:29 (UTC+04:00)

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, qəza dünən axşam saatlarında baş verib. Qazaxdan Bakıya sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobus qarşı tərəfdən gələn "KamAZ"la toqquşub.

 

Hadisə zamanı mikroavtobus yolun kənarındakı çökəkliyə düşüb. Nəticədə sürücü, Qazax rayonunun Xanlıqlar kənd sakini, 41 yaşlı Mətləb Mustafayev və yolun kənarında dayanan Ağstafa rayonunun Aşağı Göyçəli kənd sakini, 30 yaşlı Niyaməddin Tağıyev dünyalarını dəyişiblər. Mikroavtobusda olan 7 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan 3-ü yüngül, 4-ü isə orta ağır dərəcəli bədən xəsarətləri alıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb "KamAZ" markalı avtomobilin ön təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.