İranın xarici işlər naziri Cenevrə razılaşmasının detallarını açıqlayıb

27 Noyabr 2013 13:09 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Cenevrə razılaşmasının detallarını açıqlayıb.


İran mətbuatında yayılan məlumata görə, M. C. Zərif bildirib ki, İranın nüvə proqramının ilkin mərhələsindən son mərhələsinədək ölkədə uranın zənginləşdirilməsi prosesinin davam edəcəyi aydın şəkildə yazılıb: "İran öz nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün əla proqramlara malikdir. Cenevrə razılaşmasının maddələrinə əsasən, İranın bəzi proqramlarının müvəqqəti və məhdud olduğu kimi, qarşı tərəfin də addımları müvəqqəti və məhduddur. Ən əsası da yeni sanksiyaların tətbiq edilməməsidir. Bəzi qeyri-qanuni maneələr, o cümlədən neftin satışı vasitəsilə əldə olunan İranın maliyyə vəsaitlərinin ölkəyə daxil olunmasının qarşısının alınması, eləcə də bank əməkdaşlıqları və fəaliyyətləri aradan qaldırılacaq. Əgər nüvə məsələsində müzakirə tərəfləri arasında siyasi iradə olarsa, bu məsələnin həlli üçün heç bir problem yoxdur".

 

İran xarici siyasət idarəsinin rəhbəri nüvə razılaşmasında əksini tapmış sanksiyaların ləğvi ilə bağlı məsələlərdən də danışıb: "Bu sənəddə BMT Təhlükəsizlik Şurasının bütün sanksiyaları, İranın nüvə məsələsi ilə bağlı olan birtərəfli və çoxtərəfli sanksiyaların aradan qaldırılması nəzərdə tutulub".

 

M. C. Zərif deyib ki, rəsmi Tehranın son mərhələdə atdığı addım İranın nüvə proqramının yalnız düncməqsədli olaraq qalacağı barədə məntiqi narahatlıqların aradan qaldırılması üçün bir anlaşmaya varmaq idi: "İran torpağında dincməqsədli nüvə fəaliyyətləri və uranın zənginləşdirilməsi prosesində heç bir dəyişiklik baş verməyəcək".