İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

27 Noyabr 2013 14:36 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Movqe.az-ın məlumatına görə, A. Jilkin yenidən prezident seçilməsi münasibətilə Azərbaycan dövlət başçısını təbrik edib. Həştərxanla Azərbaycan arasında əməkdaşlığa toxunan A. Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq, bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirib.

 

Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin möhkəmlənməsinə A. Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident Azərbaycanla Həştərxan vilayəti arasında dostluq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.

 

Həyata keçirilən birgə layihələrə toxunan dövlət başçısı paytaxtda istifadəyə verilən "Həştərxan-Bakı" parkını dostluğun yaxşı nümunəsi kimi dəyərləndirib. Prezident Azərbaycanla Rusiya arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə A. Jilkinin Azərbaycanın "Dostluq" ordeni ilə təltif edildiyini deyib, ordeni ona təqdim edib.