Vergidən yayınanların əmlakı siyahıya alındı

27 Noyabr 2013 15:21 (UTC+04:00)

Bakı və Sumqayıtda borcunu ödəməyən restoran sahiblərinə qarşı əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib

Borcunu ödəməyən restoran sahiblərinin əmlakı siyahıya alınıb. Vergilər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, 2 saylı ƏVİ-nin Vergi borclarının alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Nəsimi parkında yerləşən, fiziki şəxs İsmayılov Rafiq Gəray oğluna məxsus "Xəzərin sahilində" restoranında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.


Restoranın fəaliyyəti vergi orqanları tərəfindən araşdırııb və müəyyən olunub ki, restoranın 2.398 manat məbləğində borcu yaranıb. Bu barədə vergi ödəyicisinə okytabr ayının 25-də bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Noyabr ayının 4-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi restorandakı əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və 2.400 manatlıq müxtəlif növ məişət avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınıb.


Noyabr ayının 21-də isə Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 25 ünvanda yerləşən, "Ərşad" firmasına məxsus "Lalə" restoranında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.


Restoranın 9.433 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb. Obyektdəki 10.500 manatlıq mebel dəstləri və texnki avadanlıqlar müəyyən edilmiş qaydada siyahıya alınıb.