Zakir Həsənov Müdafiə Nazirliyində yenidən kadr islahatlarına başladı

27 Noyabr 2013 15:46 (UTC+04:00)

Üzeyir Cəfərov: "Nazirin əmri ilə Silahlı Qüvvələrdə Hərbi Ticarət işləri ilə məşğul olacaq bir qurum da fəaliyyətə başlayır"

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, Müdafiə Nazirliyində aparılan yeni islahatlarla bağlı məlumatlar verməkdə davam edir.

Məlumata görə, keçmiş zabit özünün Facebook səhifəsində yazıb ki, Müdafiə Nazirinin əmri ilə Silahlı Qüvvələrdə Hərbi Ticarət işləri ilə məşğul olacaq bir qurum da fəaliyyətə başlayır. 

MN-nin Hərbi Nəşriyyatına rəis vəzifəsinə təyin edilən polkovnik-leytenant Rəşad Abuzərovla bağlı əmrin ləğv edildiyini bildirən Ü.Cəfərov qeyd edib ki, işindən azad edilmiş, istefada olan polkovnik Pənah Abdullayevin vəzifələrini isə Nəşriyyatın baş mühəndisi həyata keçirir: "Yeni nazir, general-polkovnik Zakir Həsənovun əmri ilə SQ Hərbi Həkim Komissiyasının sədri mayor Vidadi Quliyevin əvvəlki tibb xidməti polkovnik-leytenantı rütbəsi bərpa edilib. Bundan əlavə də o sahədə çalışan bir neçə şəxsin də hərbi rütbələri yenidən artırılıb. Hətta , Heydər Əliyev Fondunda övladı çalışan bir zabitin də polkovnik rütbəsi bərpa edilib". 


Hərbi jurnalist, Naxçıvandan narahatedici xəbərlərin gəldiyini də yazıb. O, bildirib ki, oktyabrda şəxsi heyətlə görüşən yeni müdafiə naziri, uzun illər orada xidmət keçən zabitlərin tədricən Bakıya və digər qarnizonlara təyinatına başlanılacağına söz verib: "Ancaq təəssüflər olsun ki, bu günə kimi bu işə başlanılmayıb. Müdafiə Nazirliyinin rəhbərliyinin atdığı yanlış addımlardan biri də odur ki, bu yaxınlara kimi nazirlikdə yüksək vəzifə tutan bir neçə zabitin birdən-birə aşağı vəzifəyə təyin edilməsidir. Bunun nəticəsində də həmin zabitlər aldıqları məvacibdən 250-300 manat itiblər".


Onun yazdığına görə, müdafiə naziri Zakir Həsənovun ordudan ehtiyata tərxis etdiyi bir neçə zabit digər güc strukturlarında xidmətlərini davam etdirmək istəyi ilə müvafiq qurumlara müraciət ediblər. Hətta onlardan bir neçəsi istəklərinə nail də olublar. Onlardan birinin adı da göstərmək olar. MN-nin HHQ və HHM qoşunlarından ehtiyata tərxis edilmiş polkovnik Faiq Məmmədov artıq Dövlət Sərhəd Xidmətinin aviasiya idarəsində zabit kimi xidmətini davam etdirir.