Türkiyə-Azərbaycan hərbi ittifaqı...

25 May 2012 22:15 (UTC+04:00)

Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq artır və bu fonda hərbi ittifaqı məsələsi yenidən gündəmə gəlir. Xatırladaq ki, Azərbaycan və Türkiyə prezidentlərinin 2010-cu ilin sonlarında imzaladıqları "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında" anlaşma da hər iki dövlətə imkan verir ki, hərbi sahədəki əməkdaşlığı yüksək səviyyəyə qaldırsın.

Hələliksə, Türkiyə ilə Azərbaycan arasında hərbi sənaye komplekslərinin əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Bu sahədə ortaq layihələrin sayı artır, birgə silah və texnika istehsalı genişlənir. Onu da qeyd edək ki, faktiki "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında" anlaşmanın hərbi müddəalarının yerinə yetirilməsi ölkələrin biri-birinin təhlükəsizliyinə cavabdeh olmasını da özündə ehtiva edir. Amma nədənsə sözügedən qardaş dövlətlər arasında hərbi ittifaqın yaradılması prosesi uzanır. Görəsən niyə?

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli hesab edir ki, əməkdaşlığın dərinləşdirilməsi üçün kifayət qədər hüquqi baza var: "Türkiyə tərəfi həmçinin Azərbaycana milyonlarla dollar səviyyəsində yardımlar edib və hərbi təhsilin inkişafına yaxından dəstək verib. Amma Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının mövcud vəziyyətini çox da yüksək qiymətləndirmək mümkün deyil. Əsasən orta səviyyədədir. Azərbaycan müstəqilliyinin ilk illərində, xüsusən də 1994-2000-ci illərdə iki ölkə arasında hərbi əməkdaşlığın vəziyyəti daha sıx və ümidverici görünürdü. O dövrlərdə Türkiyə Azərbaycanın hərbi kadrların hazırlanması işinə böyük töhfə vermişdi. Amma sonradan bu əməkdaşlıq əsasən texniki xarakter almağa başladı. 2010-cu ildə imzalanmış "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında" müqavilə isə iki ölkə arasında hərbi əməkdaşlıqda intensiv irəliləyişlər ümidini yaradırdı. Bu müqavilənin əhəmiyyətli hissəsi məhz hərbi və hərbi-texniki əməkdaşlığa həsr olunub. Son illəri nəzərdən keçirəndə görürük ki, Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı getdikcə daha çox müdafiə sənayesi kompleksinin inkişafına, birgə hərbi məhsul istehsalına istiqamətlənib. Bu müsbət hesab edilə bilər. Amma kadrların hazırlanması məsələsi də önəmlidir. Təəssüflər olsun ki, 2000-ci illərin əvvəllərindən bu istiqamətdə addımlar xeyli dərəcədə zəifləyib".

Ümumilikdə isə ekspert vurğuladı ki, 2005-ci ildən sonra Türkiyə-Azərbaycan hərbi əməkdaşlığında yeni sıçrayış gözə dəyir: "Bu da Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının imzalanmasından sonra baş verib. Ekspertin qənaətincə, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir: "Birincisi, NATO ilə əməkdaşlıq sənədləri, xüsusilə də İPAP. Bu çərçivədə NATO-nun üzvü olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr var. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı rolunda göstərilməsə də, həmin sənədlərdə təsvir olunan mühit Türkiyənin bu rola sahib olduğunu dolayısı ilə təsdiqləyir. Həm də nəzərdən qaçırılmamalıdır ki, Hərbi Doktrinada Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar da əksini tapıb. Xüsusilə də iki ölkənin prezidentləri tərəfindən Bakıda imzalanmış "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında"müqavilədə nəzərdə tutulanlar Türkiyənin Azərbaycanın milli təhlükəsizliyinin qarantı rolunda olduğunu göstərir. Hərbi əməkdaşlığın üçüncü məqamı isə Türkiyənin milli regional maraqları və həmçinin qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən başlayaraq Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Həmin sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir".

Ankara-Bakı arasında hərbi ittifaqın yaradılması məsələsinin uzanmasına gəldikdə, C. Sümərinli bunun başlıca səbəbini iki ölkənin siyasi hakimiyyətlərinin mövqelərində müəyyən fərqlərin olmasında görür: "İstər Türkiyə, istərsə də Azərbaycan əhalisi istərdi ki, bu iki qardaş ölkə hərbi pakt yaratsın. Amma ortada hər hansı bir səbəblər olmasa da, təəssüf ki, bu baş vermir. Əslində hazırkı dönəmdə hərbi ittifaqın yaranması xüsusən də ölkəmizin milli təhlükəsizlik maraqları üçün çox vacibdir. Azərbaycanın əraziləri işğal altındadır, ona üç istiqamətdən, şimaldan Rusiya, cənubdan İran və qərbdən Ermənistan təhdidləri var. Bu baxımdan ölkəmizin daha dayaqlı dövlətə çevrilməsi üçün onun Türkiyə ilə birlikdə ittifaq sazişini imzalaması vacibdir. Amma təəssüf ki, hələ bu baş vermir. 2010-cu ildə tərəflər arasında "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında" müqavilənin imzalanması və yüksək Ali Şuranın yaranması ilə başlanan proses nədənsə sonradan dayandırıldı. Halbuki, həmin müqavilə ambissiyalı sənəd idi. Orada hərbi istiqamətdə, müdafiə sənayesi sahəsində ciddi əməkdaşlıq prioritetləri nəzərdə tutulurdu. Birgə hərbi təlimlər də gözlənilirdi. Lakin 2 ilə yaxın vaxt keçsə də tərəflərin hərbi əməkdaşlığı dərinləşdirəcək prosesi müşahidə etmədik. Fikrimcə, bunun səbəbi siyasi hakimiyyətlər səviyyəsində fikir ayrılıqlarının olması ilə bağlıdır".

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq həmişə olub: "Azərbaycan ordusunun NATO standartlarına keçirilməsi, ordunun bəzi hərbi ləvazimatlarla təchizatı, hətta hərbi sənayenin bəzi sahələrinin yenidən qurulmasında və s. kimi məsələlərdə Türkiyə bizə yaxından kömək edib və onun nəticələri də artıq var. Amma hərbi müttəfiqlik artıq iki ölkə arasındakı hərbi əlaqələri daha yüksək səviyyəyə qaldıra bilər".

Politoloq gələcəkdə Türkiyə ilə Azərbaycan arasında baş tutacaq hərbi ittifaqın regionda ciddi nəticələrə yol açacağını da istisna etmədi: "Düzdür, Rusiya nüvə ölkəsidir. Amma bu o demək deyil ki, Kreml Gürcüstanın ərazilərini işğal etdiyi kimi Azərbaycanla da o cür davrana bilər. Türkiyə ilə bağlanan hərbi müttəfiqlik mənim zənnimcə, Azərbaycanın mövqelərini xeyli gücləndirəcək. Əgər Azərbaycana zorla təslimçi sülhü qəbul etdirməyə çalışacaqlarsa, rəsmi Bakı bundan imtina edəcək və Ermənistana qarşı hərbi əməliyyatlar məsələsi gündəmə gələcək. O zaman əgər Türkiyə hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirərsə, Azərbaycana hər cür dəstək verməli olacaq. Azərbaycan da Rusiyanın bu işə müdaxiləsinə baxmayaraq, öz torpaqlarını azad etmək imkanlarına malik olacaq". Həmsöhbətimiz hərbi ittifaqın yaranmasının uzanmasını isə, beynəlxalq məqamla əlaqələndirdi: "Hazırkı durumda Türkiyə və Azərbaycan bunu istəsələr də, bəzi beynəlxalq təzyiqlər məsələnin reallaşmasına imkan vermir. Rusiyanın bununla bağlı hədələri arta bilər. NATO da Moskva ilə münasibətləri korlamamaq üçün Türkiyə-Azərbaycan hərbi ittifaqının reallaşmasında hələlik maraqlı görünmür".

Rüfət NADİROĞLU