Azərbaycan-NATO əməkdaşlığına dair seminar keçirilib
27 Noyabr 2013 16:39 (UTC+04:00)
Noyabrın 26-da Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) Belçikadakı Nümayəndəliyinin təşkilatçılığı ilə Avropa
Parlamentindəki Azərbaycanın Dostları Qrupunun bir neçə üzvünün
iştirakı ilə seminar keçirilib. ANS PRESS-in məlumatına görə,
tədbiri keçirməkdə məqsəd Azərbaycanın NATO qarşısındakı öhdəliyinə
dair informasiya və fikir mübadiləsi aparmaq və gələcək
əməkdaşlığın perspektivlərini işıqlandırmaq olub. Seminarda
NATO-nun hazırkı fəaliyyəti və perspektivləri, Avropa
İttifaqı-Azərbaycan əməkdaşlığında NATO-nun rolu, Azərbaycan - NATO
dialoqunda rəsmi Bakının mövqeyi kimi məsələlər müzakirəyə
çıxarılıb.
Çıxış edənlər vurğulayıb ki, Azərbaycan NATO-nun
ən ümidverici və etibarlı tərəfdaşları arasında yer alıb və hazırda
Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF)
əsgəri və təchizat yardımı edir. Bu, transatlantik əməkdaşlıqda
Bakının əhəmiyyətini artırır.
Seminarın əsas məruzəçilərindən, Avropa
Parlamentinin Slovakiyadan olan millət vəkili Katarina Nevedalova
bildirib ki, ötən bir neçə il ərzində Avropa Parlamentinin bir çox
üzvü Cənubi Qafqazdakı, xüsusilə də Azərbaycandakı inkişafdan
xəbərdar olub. Katarina Nevedalovanın sözlərinə görə, Avropa ilə
Azərbaycan arasında informasiya mübadiləsini intensivləşdirmək və
yeni müstəviyə çıxarmaq lazımdır.
Azərbaycan Respublikasının NATO yanında
Nümayəndəliyinin başçısı Xəzər İbrahim cari münasibətlərin icmalını
verərək deyib ki, NATO və Azərbaycan demokratik, institusional və
müdafiə islahatlarında fəal əməkdaşlıq edirlər. Ötən 10 il ərzində
tərəflər arasında mülki müdafiənin planlaşdırılması, elmi mübadilə,
ətraf mühitin mühafizəsi və ictimai informasiya kimi sahələrdə
birgə çalışmaları olub. Azərbaycan NATO-nun ən ən etibarlı
tərəfdaşlarından biri kimi qəbul olunur.
X.İbrahim çıxışını davam edərək qeyd edib ki,
Azərbaycanın NATO ilə dialoqu sadəcə müxtəlif missiyalar zamanı
insani və təchizat dəstəyini təmin etmək kimi sırf siyasi
öhdəlikdən ibarət deyil. Azərbaycan mənəvi və hüquqi məsələləri
əhatə edən planlarda da fəal iştirak edir və NATO-nun
ambisiyalarına sadiqdir.
Azərbaycanlı diplomat həmçinin gələcək iki il üçün
əhəmiyyətli olacaq Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq
Fəaliyyət Planı haqqında da ətraflı məlumat verdi.
Azərbaycanın Belçika Krallığındakı fövqəladə və
səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyin
başçısı Fuad İsgəndərov və Avropa Parlamentinin Latviyadan olan
millət vəkili İnes Vayder öz çıxışlarında Azərbaycanın NATO ilə
əməkdaşlığının Avropa İttifaqının təhlükəsizlik siyasəti arasındakı
bağlardan bəhs ediblər. Xanım Vayder vurğulayıb ki, Azərbaycan
Avro-Atlantik standartlara nail olmağın və Avropa təsisatlarına
yaxınlaşmanın yollarını araşdırır və bu məsələdə ona köməklik etmək
lazımdır.
Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı
Nümayəndəliyinin rəhbəri Roman Huna vurğulayıb ki, Avropa
Azərbaycan Cəmiyyətinin ən mühüm prioritetlərindən biri Azərbaycan
və onun Avropa üçün əhəmiyyəti haqqında Avropa ictimaiyyətini
səmərəli şəkildə məlumatlandırmaqdır. NATO Azərbaycanın öz
etibarlılığını və əməkdaşlıq sahəsində yaradıcı mövqeyini nümayiş
etdirdiyi ən qabaqcıl beynəlxalq təşkilatlardan biri sırasında yer
alır. 1990-cı illərdə həm Əfqanıstan, həm də Kosovoda Azərbaycanın
NATO qarşısındakı öhdəçiliyinə verdiyi töhfələr beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.