Bakı İstintaq təcridxanasında gizli saxlanc yeri aşkar olunub

27 Noyabr 2013 20:18 (UTC+04:00)

Bakı İstintaq təcridxanasında gizli saxlanc yerində qadağan edilmiş əşya aşkar olunaraq götürülüb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Asif Samir oğlu Əliyevin kamerasına baxış keçirilib. Baxış zamanı kameranın gəzinti otağındakı gizli saxlanc yerindən ona məxsus olan, daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Qeyd edək ki, 1995-ci il təvəllüdlü A.Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 (Soyğunçuluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.2 (Soyğunçuluq; təkrar törədildikdə), 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək həbs edilib.


Faktlar üzrə araşdırma aparılır.