Sosial şəbəkələr iqtisadiyyata daha böyük zərər vurur

28 Noyabr 2013 07:21 (UTC+04:00)

Hazırki dövr üçün internet resurslarının, sosial şəbəkələrin insan həyatında xüsusi rolunu nəzərə alsaq, günümüzü onlarsız təsəvvür edə bilmərik. Artıq demək olar ki, fiziki maliyyə əməliyyatları, akademik araşdırmalar və bunun kimi əksər əsas proseslər vitual şəkil alıb. Ancaq sosial şəbəkələrin, internet resurslarının zamana qənaət kimi müsbət tərəfi ilə yanaşı, hazırda külli-miqdarda maddi itkilərə də səbəb olur.

Bu hal əsasən işçilərin iş vaxtı lazım oldu-olmadı sosial şəbəkələrdə vaxtını keçirməsi nəticəsində yaranır. Sosial şəbəkədən istifadəyə görə ilk üç yerdə Rusiya, Braziliya və Kanada dayanır. Belə ki, hesablamalara görə, ötən il ərzində Rusiya iqtisadiyyatı sosial şəbəkələrə görə 281,7 milyard rubldan 311,5 milyard rubladək (10 milyard ABŞ dolları) vəsait itirib. Federasiya üçün bu ilki rəqəmlərin isə daha çox olduğu bildirilir. Bu bəla sosial şəbəkədən istifadə edən bütün ölkələr üçün var. Təxmini hesablamalara görə, Azərbaycanda il ərzində məhz həmin səbəbə görə 260 milyon manata yaxın itki olur.

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirir ki, burada peşə xüsusiyyəti ilə bağlı incəliklər var: "Əgər bir texniki işçi özünün vacib işlərini saxlayıb sosial şəbəkədə məlumat toplayırsa, bu məlumat konkret halda onun işi üçün bağlı deyil. Amma elə peşələr var ki, onun xüsusiyyətləri sosial şəbəkədən istifadə etməyi tələb edir. Sosial şəbəkələri informasiya mənbələri kimi qiymətləndirəndə məlum olur ki, burada daha çox profil uyğunluğu və ya həmin şəxsin özünün peşəkarlığını artırılmasına xidmət edən bir fəaliyyət varsa və ona stimul verirsə, niyə də istifadə edilməsin. Konkret olaraq intenetdən səmərəli istifadə etməmək problem yaradır. İnsan sosial şəbəkədən istifadə edirsə, yalnız vaxtı itmir. Maraqlı araşdırmalar, fikir mübadilələri kimi hansısa intellektual dəyər də qazanır. İntellektual dəyər o deməkdir ki, şəxsin gəlirləri yaranımş olur. Əslində, məsələyə başqa aspektdən yanaşdıqda, buna vaxt itkisi də deyə bilərik. Tədqiqatçı ortaya qoya biləcək məhsuldan daha çox sosial şəbəkələrdə əyləncə xarakterli məsələlərə vaxt sərf edirsə, bu, itki hesab olunur. Çünki, həmin müddətdə onun yarada biləcəyi alternativ dəyər daha yüksəkdir. Nəticədə həmin insanın cəmiyyət üçün verə biləcəyi qazanc əvvəlkindən aşağı olur. Ona görə də burada peşə xüsusiyyətləri, bilik və bacarıqları, vaxtdan səmərəli istifadə etmək, informasiyanın keyfiyyəti baxımından şəxsin daha çox prioritetlərinin düzgün seçilməsi ilə bağlıdır. Yəni, şəxs prioritetlərini düzgün müəyyənləşdirə bilirsə, sosial şəbəkənin üstünlüyü ola bilər. Amma hər bir halda məlumat almaqla, peşə fəaliyyətində maddi itkiyə məruz qalır. Müəssislərdəki bu qaydada itkiyə məruz qalması nəticə etibarı ilə ölkə iqtisadiyyatına təsir edir. Burada yalnız itkiləri hesablamamayıq. Eyni zamanda fərdlərin qazancını da görə bilərik".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov bildirir ki, ölkəmizdə internetdən istifadə ilə bağlı hər hansı qadağalar və s. müşahidə edilmir: "Sosial şəbəkələrin insanların həyatına bu qədər daxil olması bir növ ondan istifadə edənlərin virtual toplaşması kimi düşünmək olar. Bu da onu deməyə əsas verir ki, hər hansı senzuranın tətbiq edilməsi bir növ insan azadlığına məhdudiyyətlərin gətirilməsi deməkdir. Bunun nümunəsi kimi qonşu ölkələrdən İranı göstərmək mümkündür. Hələ ki, Azərbaycanda sosial şəbəkələrə görə iqtisadi itkini dəqiq hesablamaq mümkün deyil. Hal belə olduqda çalışan əhalinin iş prosesində effektivliyinin azalması və ya maddi zərərlər verməsindən müfəssəl danışmaq çətindir. Hər halda bir işçi vaxtının müəyyən hissəsini belə şəbəkələrdə keçirirsə, əlbəttə məhsuldarlığın aşağı düşməsi mümkündür. Bu, təkcə iş prosesində deyil, eləcə də insanların həyat tərzinə də təsir edir. Hətta bir neçə il əvvəl ölkə təqvimdə bayramların çox olması narahatlıq doğurmuşdu. Buna görə də baş vərən maddi itkilər təxmini həsablanaraq müəyyən bayram günləri təqvimlərdən istirahət günü kimi ləğv edildi. Qaldı ki, işçilərin sosial şəbəkələrə daxil olmasını qadağan etməyə, əslində, idarə və təşkilatlarda mümkündür. Bu, yalnız həmin idarənin və ya şirkətin internetə çıxışa olan xətlərində sosial şəbəkələrə çıxışı məhdud etməklə mümkündür. Lakin nəzərə alsaq ki, mobil telefonlar var və bunlar da insanların şəxsi mülki və ya şəxsi həyatının müəyyən qismini əhatə edir, o zaman işçilərə hər hansı qadağaların qoyulması mümkünsüzdür. Bu, sadəcə, bəzi hallarda istisna edilir ki, dövlət əhəmiyyətli və ya şirkətin təhlükəsizliyi baxımında informasiyaların saxlanılması üçün mobil teleonlara da məhdudiyyət gətirilə bilər. Amma bu, hələ ki, Azərbaycan üçün yaxın bir neçə ildə gözlənilən senzura kimi düşünmək mümkünsüzdür. Səbəb də iş prosesinin nə qədər texnologiya ilə bağlı olduğuna əsaslanmasıdır. Bizdə hələ ki, güclü inkişaf etmiş elm və texnologiya olmadığından işçilərin iş prosesində sosial şəbəkələrdən istifadəsi məhsuldarlığı aşağı saldığını qismən söyləmək olar. Digər məsələ də monoton iş proseslərində əslində, bu kimi şəbəkələrə daxil olmağın insanalara pozitiv təsir edəcəyini söyləmək mümkündür".