“Maliyyə yardımının dayandırılmasına siyasi don geyindirmək lazım deyil”

28 Noyabr 2013 16:10 (UTC+04:00)

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azadlıq" qəzetinə maliyyə yardımını dayandırıb. İcraçı direktor Vüqar Səfərli baş redaktor Qənimət Zahidə məktub göndərərək deyib ki, Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il qətnaməsinə əsasən, iddiaçı Kəbirə Məmmədovaya vurulmuş mənəvi zərərə görə "Azadlıq" qəzeti redaksiyasından 30 min manat tutularaq Ruhi Əsəb Əlil Qocalar Evinin hesabına köçürülməlidir: "Redaksiyanın bank hesabına həbs qoyulub. "Azadlıq" qəzeti ilə fond arasında bağlanmış müqaviləyə əsasən, ayrılan maliyyə yardımı redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyi təqdirdə maliyyə yardımının verilməsi dayandırılır".


Noyabrın 28-də Vüqar Səfərli "Media forum" saytına açıqlamasında deyib ki, qəzetin bank hesabından həbs götürülməyənə kimi maliyyə yardımı ödənilməyəcək: "Bir necə dəfə bu cür hal baş verib. Biz də səbirlə hesabın açılmasını gözləmişik. Həbs götürüldükdən sonra vəsait ödənilib. Amma bu dəfə artıq hər iki tərəf prinsip aparır. İddiaçı tərəf təkidlə vəsaitin ödənilməsini tələb edir, qarşı tərəfin isə cəriməni ödəmək fikri yoxdur. Maliyyə yardımının dayandırılmasına siyasi don geyindirmək lazım deyil. Əgər bizim elə fikrimiz olsaydı, hesablarına həbs qoyulan kimi onların layihəsi dayandırılardı. Məsələnin həll olunmasını gözlədik. Amma məsələnin həll yolu görünmür. Qəzetin yeganə çıxış yolu cərimələri ödəməkdir. Hesab açılmalıdır ki, biz pulu hesaba köçürək. Fondun öz əsasnaməsi var. Bütün qəzetlərlə bağladığımız müqavilələrdə göstərilir ki, fondun ayırdığı vəsait məhkəmə cərimələrinə ödənilə bilməz. Biz pulu hesaba köçürən kimi o vəsait cərimələrə çıxılacaq.


İlin bitməsinə bir ay qalıb. Qəzet layihəni davam elətdirib yazılar verir. Bu zaman bizim də onların qarşısında borcumuz yaranır. Əgər bu ayın sonuna kimi həbs götürülməsə, yenə də o vəsait ödənilməyəcək. Demək olar ki, bu pul sonra da verilməyəcək. Çünki vəsait büdcədən ayrılır. Büdcədən ayrılan vəsait bir ildən o biri ilə borc keçmir. Xərclənməyən vəsait dövlətdə qalır. Biz "Azadlıq"a 3 ay borclu qalsaq belə, növbəti il o pulu ödəyə bilməyəcəyik. Ona görə də dünən qəzetin nümayəndəsini dəvət edib hər şeyi ətraflı başa saldım. Biz istəmirik ki, borc yaransın".


Fond rəhbəri əlavə edib ki, qəzetə maliyyə yardımı oktyabr ayından, məhkəmə qərarı verilən kimi dayandırılıb.