Məlum olduğu kimi Azərbaycanda 2014-cü il yanvar ayından etibarən "Avro-3" standartı tətbiq ediləcək. Bu addım, həm də nəqliyyat vasitələrinin ekologiyaya vurduqları zərərin minimuma endirilməsi məqsədilə atılır. Bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Maraqlıdır, "Avro-3" standartı ekologiyaya konkret necə təsir edəcək?
Nəqliyyat üzrə ekspert Sülhəddin Gözəlov Movqe.az-a açıqlamasında "Avro-3" standartının aşağıdakı üstünlüklərinin olduğunu bildirir: "2014-cü ilin yanvar ayından etibarən Azərbaycana idxal olunan, gətirilən və eyni zamanda sayca az da olsa, istehsal olunan avtomobillər praktiki olaraq "Avro-3"ün tələblərinə cavab verməlidir. "Avro-3" nə deməkdir? Ümumiyyətlə, avtomobillərin ekoloji təhlükəsizliyi onların xaric qatlarında, yəni mühərrikdə yanan bir sıra zərərli qazların miqdarını məhdudlaşdırır. Bu avtomobillərin mühərrikindən çıxan zərərli qazlara karbon qazı, dəm qazı, karbohidrogen birləşmələr, ağır hissəciklər aiddir ki, bu əsas qazların miqdarı "Avro-3"də "Avro-2"yə nisbətən səthidir. Yəni, "Avro-3"ün tələblərinə görə, bu qazların miqdarı nisbətən azdır. "Avro-3"ün tələblərinə cavab verən avtomobillərin mühərrikləri ya konstruktiv cəhətdən, ya onların elektron idarəetmə sistemlərindəki təkmilləşmə hesabına müəyyən qədər mükəmməl konstruksiya hesab olunur.
Azərbaycanın da da ekoloji durumu həqiqətən problemli olduğundan, xüsusən Bakı şəhərində ekoloji cəhətdən ciddi problemlər olduğundan bu addım atılır. Məsələ burasındadır ki, Azərbaycanda, xüsusən də Bakı şəhərində atmosferin çirklənməsində avtomobil nəqliyyatının xüsusi çəkisi var. İldən-ilə bu, dəyişə də bilər. Bütün havanı çirkləndirən vasitələr içərisində təkcə avtomobil nəqliyyatının və nəqliyyat kompleksinin payı 75%-dir. Bu, həqiqətən acınacaqlı haldır. Ona görə də, avtomobil nəqliyyatının istismarında müəyyən qədər standartlar, sərt qaydalar tətbiq olunur".
Ekspert standartın hal-hazırda ölkə ərazisində istismarda olan avtomobillərə tətbiq olunmayacağını da bildirdi: "Bir məsələ də var ki, insanlar bunu tam olaraq başa düşmürlər. "Avro-3" yalnız Azərbaycana gətirilən, idxal olunan və Azərbaycanda istehsal olunan avtomobillər üçün nəzərdə tutulur. Yəni, bu ölkənin daxilində hal-hazırda istismarda olan avtomobillərə, aid deyil. Əgər, biz "Avro-3" standartlarını ölkə daxilində istismar olunan avtomobillərə də aid eləsək, onda gərək ölkə daxilinəki avtomobillərin yarıdan çoxunun hərəkətini yanvarın 1-dən etibarən dayandırmalı olaq. Bu tədbir, bu addım onunla bağlıdır ki, atmosfer havasının çirklənməsini müəyyən qədər azaldaq, ekoloji cəhətdən daha keyfiyyətli olan avtomobilər əldə edək və ölkə daxilindəki avtomobilləri içərisində bu tip yüksək keyfiyyətlərə malik, ekologiyaya daha az zərər verən avtomobillərin satış payını artıraq.
Qeyd e ki, "Avro-2"də dəm qazının miqdarı minik avtomobili üçün 1 km yürüşə 2.1 qr icazə verilirsə, bu artıq "Avro-3"də 1.9-a qədər endirilib. Hesab edin ki, təqribən 10% civarında azaldılıb. Bu, kiçik rəqəm kimi görünə bilər. Amma nəzərə alınmalıdır ki, bu kiçik görünən miqdarı avtomobillərin ümumi sayına vurduqda, həddindən artıq böyük rəqəm alınır. Məlumat üçün deyə bilərəm ki, Azərbaycanda avtomobil nəqliyyatından ətrafa saçılan zəhərli qazların ümumi miqdarı təqribən 1 milyon tona yaxınlaşır. İl ərzində avtomobil nəqliyyatından ətrafa yayılan zərərli qazların miqdarı 800 min tondur. Fiziki olaraq, bunu təsəvvür etmək çox çətindir. Bu sahədə mütəxəssi olan olan insanlar dəyən ziyanı tam olaraq anlaya bilərlər. Ona görə də, Bakıda insanların baş ağrıları, daimi ürək problemləri olur. Damar problemləri, əsəb gərginlikləri yaşanır. Atmosfer havasının çirklənməsi həm piyadalar üçün, həm də avtomobil sürücülərinin özləri üçün çox təhlükəli vəziyyətdir.
Ona görə bu gün Avropa ölkələri avro sisteminə keçib. Əslində, Azərbaycanda "Avro-3" sisteminə keçidin 2013-cü ildə həyata keçirilməsi nəzərdə tutulurdu. Amma bu prosses birdən-birə olmaz. Biz də təqribən, mərhələ-mərhələ standartları sərtləşdirə-sərtləşdirə sistemin tətbiqini həyata keçirərək ekologiyanın qorunması yolunda addımlar atırıq".
Ekoloq Fəridə Hüseynova da saytımıza verdiyi açıqlamada "Avro-3" standartına keçidin ekologiyanın təmziləməsinə müsbət təsir edəcəyini bildirdi: " Avro-3" standartına uyğun avtomobillərin gətirilməsi mümkündür. Əlbəttə ki, bunun üçün müəyyən işlər, lazımı tədbirlər görülməlidir. Hər şey dəqiqliyi ilə ölçülməlidir. Məsələn, şəhərsalmada nəzərə alınan yaşıllıq ərazisi və yaxud da ki, su təminatı adambaşına hesablanmalıdır. Bu zaman onun tətbiqi mümkün olacaq. Əgər "Avro-3" standartı tətbiq olunarsa, nəqliyyatdan atılan tullantıların miqdarı, hava çirklənməsi azalacaq. Ekologiya müəyyən dərəcədə təmizlənəcək. Havaya daha çox ziyan verən nəqliyyat vasitələrinin istifadəsinə qadağa qoyulacaq. "Avro-3" standartının xeyirli cəhətləri çoxdur. Əsasən də ekologiyamız üçün əhəmiyyətlidir".