Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi haqqında anlaşma imzalanacaq

28 Noyabr 2013 21:19 (UTC+04:00)
"Noyabrın 29-da Vilnüsdə prezident İlham Əliyevin də iştirak edəcəyi sammitdə Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi və readmissiya haqqında anlaşma imzalanacaq". 

ANS PRESS-in verdiyi məlumata görə, bunu hazırda Litva paytaxtında olan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramlı "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə bu anlaşma Azərbaycan vətəndaşlarına Şengen vizasını daha sadə şərtlərlə almaq imkanı verəcək. Eyni zamanda viza haqları 60 avrodan 30 avroyadək endiriləcək. Sənədlərin və vizanın verilməsi üçün tələb edilən günlərin sayı da azalacaq. Azərbaycan vətəndaşları bu anlaşmadan sonra 5 ilədək Şengen vizası almaq hüququna malik olacaq. Müəyyən kateqoriya, o cümlədən dövlət qulluqçuları üçün Avropaya vizasız səyahət imkanları veriləcək". 

Xatırladaq ki, readmissiya sazişi - hər hansı bir dövlətin ərazisində qeyri-qanuni vəziyyətdə olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşmanın imzalanmasıdır.