«Aztelekom.net»in genişzolaqlı internet abunəçilərinin sayı 100 mini ötüb

28 Noyabr 2013 17:40 (UTC+04:00)

Genişzolaqlı internet xidmətlərinin tətbiqinin sürətləndirilməsi, abunəçilərin bu xidmətlərdən istifadəsi zamanı rahatlıqlarının təmin olunması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Aztelekom" İB-nin strukturunda marketinq və xidmətlərin satışı şöbəsinin bazasında Marketinq və satış Departamenti yaradılıb, struktur müəssisələrdə də texniki və xidmət personalından ibarət marketinq qrupları təşkil edilərək fəaliyyətə başlayıb.

 

"APA-Economics"in RİTN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Aztelekom" İB-nin şəbəkəsində genişzolaqlı internet xidmətlərinin tətbiqinə əsasən 2005-ci ildə başlanıb. Ötən ilin sonuna "Aztelekom.net" provayderinin internet abunəçilərinin sayı 60 minə, xidmət ərazisində fəaliyyət göstərən 26 özəl internet provayderin abunəçilərinin ümumi sayı isə 57 minə çatdırılıb. Bu ilin noyabr ayında isə "Aztelekom.net" provayderinin abunəçilərinin sayı 100 minə, qlobal internetə (BGP – Border Gateway Protocol) çıxış 20 Gbit/san sürətə çatdırılıb.

 

Birliyin xidmət ərazisində fəaliyyət göstərən özəl internet provayderlərinin ümumilikdə aktiv istifadəçilərinin sayı isə 80 mini keçib. Beləliklə, birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 41,7% artaraq (o cümlədən, "Aztelekom.net" şəbəkəsində 40 min və ya 70%) 180 minə çatıb.

 

Hazırda "Aztelekom"un şəbəkəsi üzrə (regionlarda) hər 100 ailədən 17,2-si, hər 100 abunəçidən 26,5-i genişzolaqlı xidmətlərin istifadəçisidir.