Bu il dünyada 3628 nəfər minaların qurbanı olub

28 Noyabr 2013 19:15 (UTC+04:00)

Bu gün Cenevrə (İsveçrə) şəhərində BMT-nin Millətlər Sarayında Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın (PƏMQOU BK) dünya ölkələrindəki mina problemlərinə həsr olunmuş növbəti illik hesabatı ictimaiyyətə təqdim olunub.


Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov APA-ya bildirib ki, bu hesabatlar 1999-cu ildən başlayaraq hazırlanır və minaların yaratdığı bütün problemləri və onların həlli yollarını özündə əks etdirir.

 

Bu ilki hesabatda qeyd olunur ki, 161 ölkə "Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması" haqqında 1997-ci il BMT Konvensiyasının (Ottava Konvensiyası) üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 36 dövlət bu konvensiyaya qoşulmayıb. Son hesabatlara görə 281 kvadrat kilometr ərazi təmizlənmiş və 87 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılıb və 47 milyon mina məhv edilib. Yalnız 12 ölkədə minaların istehsalı hələ də davam etdirilir. Dünyanın 3 nöqtəsində - Yəmən, Suriya və Dağlıq Qarabağda yeni minaların qoyulması faktı qeydə alınıb.

 

Hesabat dövründə 3628 nəfər yeni mina qurbanı qeydə alınıb ki, bu da əvvəlki hesabatla müqayisədə 19 % azdır. Əgər 1999-cu ildə hər gün 25 qurban qeydə alınırdısa bu hesabatda hər gün 10 qurban qeydə alınıb ki, bu da 60% -lik azalma deməkdir. Yeni mina qurbanları 62 ölkədə o cümlədən konvensiyaya üzv 42 ölkədə qeydə alınıb. Mülki əhali arasında qeydə alınan qadın qurbanların sayı artıb. Hesabat dövründə milli və beynəlxalq donorlar tərəfindən minalarla mübarizə proqramlarına 681 milyon ABŞ dolları sərf olunub.    

 

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi (MƏAK İB) Azərbaycan bölməsi üzrə hesabatda qeyd edib ki, Azərbaycan Respublikası hazırkı hərbi—siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına qoşulmasa da bu sənəddən irəli gələn bir sıra vəzifələri könüllü yerinə yetirir. MƏAK İB xüsusi səyləri nəticəsində Dağlıq Qarabağdakı hazırkı rejimin minalardan istifadə etməsi bu hesabatda öz əksini tapıb. Aparılan tədqiqatların nəticələrinə görə Azərbaycanın elə bir regionu yoxdur ki, orda mina qurbanları olmasın. Bundan başqa Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur.