Ermənistanda yenə ara qarışır

29 Noyabr 2013 10:36 (UTC+04:00)


Elman Nəsirli: "Rusiya əleyhinə olan qüvvələr Ermənistanda artıq güc sahibinə çevrilmək ərəfəsində olduqlarını nümayiş etdirə biliblər"


Ermənistanda Rusiyameylli hakimiyyətlə qərb tərəfdarları arasında gərginlik artmaqdadır. Məlumdur ki, Sarkisyan hakimiyyətinin Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqdan imtina edərək Rusiyanın boyunduruğuna baş əyməsi bu ölkədə bəzi qüvvələrin etirazına səbəb olub. Bu fonda da Ermənistanda onsuz da gərgin olan vəziyyət daha kəskin xarakter almağa başlayır. Belədə Ermənistan yenidən daxili çəkişmələr meydanına çevrilə bilər. Görəsən, belə bir durum Ermənistana nə vəd edir? Ölkədə qarışıqlıq yarana bilərmi və belə olduqda onun Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesinə nə kimi təsirləri yaranar?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev düşünmür ki, Rusiyanın təsirinə qarşı çıxan qüvvələr Ermənistanda hər hansı bir müəyyən ajiotaj yarada bilsinlər: "Ermənistanın Rusiyanın təsiri altına düşməsinə etiraz edən qüvvələr o gücdə deyillər ki, ölkədə qarışıqlıq yarada bilsinlər. Həmin qüvvələrin belə bir imkanları yoxdur. Ermənistan Rusiyanın forpostu olaraq onun nəzarəti altındadır və başa düşür ki, başqa addımlar atmaqla tamamilə fərqli nəticələrlə üz-üzə qala bilər. Burada müəyyən siyasi qüvvələr Rusiyanın təsirinə qarşı iddialarla çıxış etsələr də, onların qarışıqlıq yaratmaq imkanları yoxdur. Dağlıq Qarabağ məsələsinə gəldikdə, burada Ermənistanın arxalandığı xarici güc elə Rusiyadır. Ermənistan məsələlərə Qərbin də dəstəklədiyi ona təklif olunan proqram üzrə yanaşsaydı, gərək Rusiyanın təsirindən çıxardı. Amma Ermənistan bundan yayınır və illər öncə tutduğu mövqedə qalmaqda davam edir".

Politoloq Qabil Hüseynlinin də fikrincə, Ermənistanda Rusiyaya yönəlik baş qaldıran etirazların bu ölkənin gələcək siyasətinə heç bir təsiri olmayacaq: "Ermənistanda Rusiyanın təsir dairəsinə qarşı çıxan qüvvələrin həyata keçirdikləri aksiyalar özünün zəif olması ilə seçilir. Burada Moskva əleyhinə baş qaldıran bu aksiyalar Ukraynada olduğu kimi təsirli və irimiqyaslı olması ilə seçilə bilmir. Ermənistandakı bu tədbirlər sadəcə olaraq, Avropaya nümayiş etdirmək üçün bəlkə də təşkil olunmuş aksiyalardır. Həmin aksiyalar Ermənistanın gələcək siyasətinə heç bir təsir göstərməyəcək. Bununla bağlı hər hansı bir illuziyaya qatılmaq niyyətində deyiləm. Burada həmin aksiyalar fonunda hər hansı bir qarşıdurmadan da söhbət gedə bilməz. Çünki Rusiyaya qarşı olan qüvvələr bunu bacarmaq gücündə deyil. Bununla belə azdan-çoxdan etirazlarını da bildirirlər. Amma bu qarşıdurmanın Ermənistan üçün ciddi problemlər yaradacağı qənaətində deyiləm və zənnimcə, belə aksiyalar tədricən sönərək aradan qalxacaq".

Politoloq Elman Nəsirli isə sözügüdən məsələdə bir qədər fərqli düşünür. O, bu fikirdədir ki, Rusiya əleyhinə olan qüvvələr Ermənistanda artıq güc sahibinə çevrilmək ərəfəsində olduqlarını nümayiş etdirə biliblər: "Hazırda Ermənistan cəmiyyətinin özündə hökumətin yeritdiyi xarici siyasət prioritetilə bağlı olaraq mövqe birmənalı deyil. Ermənistan hakimiyyəti və onun yaxın ətrafı Rusiyanı yaxın müttəfiq kimi seçsə də, ölkədə xeyli qüvvə də var ki, onlar bu siyasəti tənqid edir və həmin siyasətin dövlətin milli maraqlarına təhlükə yaratdığını bildirirlər. Hətta bir çox erməni ziyalısı bu fikri səsləndirir ki, əslində, hazırda Ermənistan dövləti üçün Dağlıq Qarabağ problemi bir nömrəli problem deyil. Ölkə üçün bir nömrəli problem onun suverenliyilə bağlıdır. Onlar qeyd edirlər ki, Ermənistanda hakimiyyətdə olan hər bir prezident sanki ölkənin varidatının talan edilməsi və satılması ilə məşğul olur. Həmçinin, buradakı bütün iqtidarlar Ermənistanın iqtisadiyyatını Rusiyanın tabeçiliyinə verib. Faktiki olaraq, bu gün Ermənistanda suverenlik təhlükə altındadır. Ermənistanda preziddentlər sanki suverenliyi olmayan bir ölkəyə rəhbərlik edir. Bu kimi ideyalar hazırda Ermənistan cəmiyyətində geniş yayılıb. Onlar hesab edirlər ki, məhz Rusiyanın yeritdiyi siyasət Ermənistanı belə yoxsul vəziyyətə gətirib cıxarıb. Ermənistan yoxsul olduqca da Rusiyadan asıllığı daha da artır. Yəni Moskva üçün varlı Ermənistan lazım deyil. Bu qüvvələr İrəvanin Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqla bağlı sənədə imza atmamasının günahkarı rolunda da məhz Rusiyanı görürlər. Hesab edirlər ki, Rusiyanin təzyiqləri Ermənistanın Avropaya yaxınlaşmasına maneə oldu. Belədə Ermənistanda ölkələri üçün əsas təhlükənin Rusiyadan gəldiyini düşünən qüvvələr də kifayət qədər çoxdur və onlar güclənməkdədir. Dekabrda Rusiya prezidenti Putinin İrəvana səfəri gözlənilir, ona görə də indidən həmin səfər əleyhinə təbliğat, təşviqat işləri aparılır və etiraz dalğası getdikcə güclənməkdədir. Bu isə bir daha onu göstərir ki, Rusiya ilə bağlı Ermənistan iqtidarının seçdiyi xarici siyasət kursu hazırda cəmiyyəti parçalayıb. Cəmiyyətdə bu siyasətin əleyhinə olan qüvvələr artmaqda və genişlənməkdədir. Bu da heç şübhəsiz cəmiyyət daxilində labüd parçalanmanı şərtləndirir. Onsuz da çoxsaylı problemlərdən əziyyət çəkən erməni xalqı indi bu məsələ ətrafında da parçalanmaq məcburiyyətində qalıb. Bu isə Ermənistan dövlətinin gələcəyinin perspektivsizliyilə bağlı fikirləri də gücləndirir. Adətən,Ermənistanda vəziyyət gərginləşəndə iqtidarın qəribə bir taktikası var. Onlar belə olan halda Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı kompromisə ümumiyyətlə meyl etmirlər. Onsuz da onlar kompromis yolunu seçməyib, ancaq münaqişənin gərginləşdirilməsilə məşğuldurlar. Ölkə daxilində situasiya gərginləşəndə Ermənistan iqtidarı sanki daxili auditoriyanı sakitləşdirmək üçün yalnız və yalnız Dağlıq Qarabağ kartından bəhrələnmək xəttini seçirlər. Nəticədə hərbi ritorika və bəyanatların əmsalı daha da güclənir. Bununla da istəyirlər ki, daxili etirazı səngidib cəmiyyətin diqqətini ancaq xarici problemə yönəltsinlər. Hesab edirəm ki, Ermənistanda nə qədər vəziyyət pisləşirsə, iqtidarın hərbi ritorikaya söykənən bəyanatların sayı və məzmunu daha aqressiv xarakter almağa başlayır".