Azərbaycanda əlil uşaqların sayı artıb

29 Noyabr 2013 11:53 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov on ayda 8 minə yaxın uşağa əlillik dərəcəsi verildiyini deyib

"Azərbaycanda əlil uşaqların sayında artım var". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşündə bildirib.


Nazir vurğulayıb ki, təkcə bu ilin on ayında Azərbaycanda 8 minə yaxın uşağa əlillik dərəcəsi verilib və bununla yanaşı, 19 min uşaq təkrar müayinəyə cəlb olunub. Hesab edirik ki, bu cür rəqəm ölkəmiz üçün böyük göstəricidir. Ona görə, bu istiqamətdə ciddi işlər aparılacaq.


S.Müslümov deyib ki, Azərbaycanda uşaqların müdafiəsi üçün bir sıra islahatlar həyata keçirilib və müvafiq qanunlar qəbul edilib. Düşünürük ki, uşaqların müdafiəsinə yönəlmiş konkret sosial layihələr həyata keçirilməlidir. Bu layihələri bir neçə istiqamətdə daha ciddi şəkildə yerinə yetirməyi planlaşdırırıq. Bunun üçün UNİCEF-in ƏƏSMN-lə birgə fəaliyyəti zəruridir: "Birinci növbbədə, sağlamlığı məhdud olan, kimsəsiz uşaqların sosial reabilitasiyasının gücləndirilməsi, yetkinlik yaşına çatmayan uşaqların işə cəlb edilməsinin qarşısının alınması istiqamətində ciddi işlər aparılacaq."


Mark Herevard bildirib ki, ƏƏSMN UNİCEF üçün Azərbaycanda çox gözəl tərəfdaşdır. Uşaqlara layihələrin səmərəliliyi üçün birbaşa yardım göstərilməli, onların yaşadığı mühitə təsir göstərilməlidir.