İtkin düşən azyaşlı qızlar internet klubdan tapıldı
29 Noyabr 2013 13:17 (UTC+04:00)
Evdən qaçan 12 və 17 yaşlı qızlar "Bulvar" yaxınlığından
tapılıb.Movqe.az Gun.az-a istinadən xəbər verir ki, bir neçə gündür
təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirən Səbail
Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi nəhayət dünən axşam
saatlarında onları tapıb:
Bununla bağlı açıqlama verən Leylanın atası Müşfiq Məmmədov
bildirib ki, onları Sahil metrosunun yaxınlığından tapıblar:
"Hazırda qızım prokurorun yanındadır. Hadisə ilə bağlı onunla
ətraflı söhbət edirlər. Bildiyim odur ki, qızımı özündən 5 yaş
böyük olan Qönçə yoldan çıxardıb. Qönçənin atası da, anası da ölüb.
Onu da indi bibisinə təhvil veriblər. Polislər onları tapandan
yanlarında başqaları da olub. Amma polislər onların kim olduğunu
mənə demədilər" - deyə, M.Məmmədov söyləyib. Evdən qaçdıqları 6 gün
ərzində Leylanın ona tez-tez anonim nömrələrdən zəng etdiyini deyən
M.Məmmədov, bu 6 gündə onların internet klublarında gecələdiklərini
bildirib: "Bu neçə gündə mənə anonim nömrədən zəng edib "gəlirəm,
gəlirəm" deyirdi, amma məni aldadıb gəlmirdi. İndi öyrəndim ki,
Qönçənin telefonu ilə zəng edirmiş. Onların evdən qaçmalarına hər
hansı oğlan söhbəti, ya da qaçırılma məsələsi səbəb olmayıb. Sadəcə
gedib əylənmək istəyiblər. Uşaqdır da, sözə aldanıb qaçıb gedib.
Onları tapanda sağlam vəziyyətdə olublar. Üzərlərində ətirdən başqa
heç nə olmayıb".
Qızının məktəbdə yaxşı oxuduğunu deyən M.Məmmədov, hər zaman
nəzarətinin Leylanın üzərində olduğunu sözlərinə əlavə
edib:"Məktəbdən heç vaxt onun barəsində şikayət olmayıb. Evdə də
hansısa zorakılıq olmayıb. Onunla hər zaman yaxşı davranmışam.
Qızım indi psixoloji olaraq gərginlik keçirir. Düşünürəm ki, ona
psixoloji yardım olunsa yaxşı olar. Mən özüm "moyka"da işləyirəm.
Ayda 300-350 manat qazancım var. Evi normal dolandırmışam. Qızımın
da dolanışıqdan şikayəti olmayıb.Qızımın evdən qaçmasından keçmiş
yoldaşımın xəbəri olmayıb. Ana nənəsi bilirdi, o da ona deməmişdi.
Neçə gündə bu məsələyə görə də məni axtarmayıb"