"Dağlıq Qarabağ münaqişəsi “Şərq tərəfdaşlığı” proqramına əngəl törədir"

29 Noyabr 2013 14:50 (UTC+04:00)
Vilnüsdə "Şərq tərəfdaşlığı" Sammitində iştirak edən Milli Məclisin deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mətbuata açıqlama verib. 

Azərbaycan Dillər Universitetindən ANS PRESS-ə verilən məlumata görə, Səməd Seyidov Azərbaycan öz mövqeyini konkret olaraq ortaya qoyduğunu bildirib və Azərbaycanın Avropa istiqamətində inteqrasiyası hamı üçün aydın və heç bir mübahisə yaratmayan bir məsələ olduğunu deyib. 

"Bu nöqteyi-nəzərdən Avropa strukturları və Avropa dəyərləri məsələsinə aydınlıq gətirilməlidir. Azərbaycan Avropaya Avropa dəyərlərini mənimsəmək üçün, bu dəyərləri Azərbaycana gətirmək üçün inteqrasiya edir. Bunlar demokratiya, qanunun aliliyi və insan haqlarıdır. Lakin, heç bir təşkilata, o cümlədən Avropada olan təşkilatlara bu dəyərləri öz dəyərləri kimi təqdim etmək ixtiyarı verilməməlidir. Yəni, Azərbaycanın Avropaya inteqrasiyası hansısa beynəlxalq təşkilatla əlaqələri qurmaq naminə deyil, məhz Avropa dəyərlərini mənimsəmək və həmin sivil ölkələrdə qəbul olunmuş beynəlxalq qanunları, demokratiyanı, insan haqlarını Azərbaycanda yüksək səviyyədə tətbiq etməkdir".

O, qeyd edib ki, bizim avropalı tərəfdaşlar "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrdə gedən prosesləri o qədər də ciddi təhlil etmirlər. Avropa Birliyi, Avropa Parlamenti yalnız bu "Şərq tərəfdaşlığı" üzvləri olan ölkələrdə problemlər axtarmaqla məşğul olmamalıdır, o cümlədən bu qurumun "Şərq tərəfdaşlığı" proqramının belə ləng və bəzən düzgün olmayan istiqamətdə inkişaf etməsinin səbəbini axtarmalı, düzgün təhlil aparılmalı, məsələ və reallıq düzgün qiymətləndirilməli, ikili standartlar və bu kimi faktlar olmamalıdır. 

"Nəhayət, bizim üçün ən əsas və mühüm məsələ Dağlıq Qarabağ məsələsidir. Azərbaycan regionun bütün sağlam qüvvələri ilə əlaqə yaratmaqda maraqlıdır. Lakin, təəssüf ki, indiki vəziyyətdə belə regional əməkdaşlığa nail olmaq həlli çətin məsələdir. Dağlıq Qarabağ münaqişəsi bu əlaqələrin qarşısını alır və bu münaqişənin mövcudluğu əlaqələrin inkişafına mane olur. Bunu da yaddan çıxarmaq lazım deyil ki, bu münaqişə "Şərq tərəfdaşlığı" proqramının inkişafına da əngəl törədir".