10-19 yaş arasında olan 2 milyondan çox yeniyetmə İİV ilə yaşayır

29 Noyabr 2013 15:34 (UTC+04:00)

Şərqi Avropa və Mərkəzi Asiyada İİV-ə yoluxmuş şəxslərin sayı günü-gündən yüksəldiyindən beş ölkə artıq bu böyük maneənin aradan qaldırılması üçün çıxış yolu üzərində çalışır və bu, yeniyetmələrin İİV haqqında daha asan şəkildə danışması və öz İİV statuslarını yoxlamalarından keçir. UNICEF-in Azərbaycandakı nümayəndəliyindən  Movqe.az-a verilən məlumata görə, ev sahibliyini üzərinə götürən Azərbaycan Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə birlikdə yeniyetmələrin testdən keçməsinin təşviqi məqsədini daşıyan dörd günlük konfransı başa çatdırıb.  Bu konfrans 22-29 noyabr tarixlərini əhatə edən Avropa İİV Test Həftəsi ilə də eyni vaxta təsadüf edib. Tərəfdaşlar və ekspertlər yeniyetmələr arasında İİV ilə bağlı risklər haqqında məlumatlılığı yüksəltmək məqsədilə əldə edilmiş irəliləyişi nəzərdən keçirmək, yeni tapıntı, strategiya və yenilikləri qiymətləndirmək, eləcə də yeniyetmələrin maneə və əngəllərlə üzləşmədən İİV test xidmətləri əldə etmələrini asanlaşdırmaq üçün Bakıda bir araya gəliblər. Ən yüksək İİV-ə yoluxma riskinə sahib yeniyetmə və gənclər üçün test və məsləhət xidmətlərini çoxaltmaq üçün Avropa İttifaqı və UNICEF tərəfindən dəstəklənən təşəbbüsdən irəli gələn bu görüş bu yaş qrupunun onların yaşında olan insanlar üçün xidmət göstərən sözügedən xidmətlərə qarşı yeniyetmə yönümlü yanaşmaya cəlb olunmasının önəmini vurğulayıb. Avropada 2,3 milyon insan İİV ilə yaşayır. Yeni yoluxmaların əksər hissəsi də İİV ilə yaşayan, lakin diaqnoz qoyulmayan və beləliklə də bunun başqalarına keçmə riskindən xəbərdar olmayan insanlardan keçir. Bu tədbir dünya miqyasında İİV üzrə bəzi ən yüksək artmaların müşahidə olunduğu region üçün irəliyə doğru çox önəmli bir addımdır. UNICEF-in bu gün buraxılan "QİÇS-dən Azad Uşaq Nəsli və QİÇS: 2013-cü il üzrə Altıncı Say Hesabatı"na əsasən, 10-19 yaş arasında olan 2 milyondan çox yeniyetmə İİV ilə yaşayır. Yeniyetmələr üçün effektiv və qəbul edilə bilən İİV xidmətlərinin dəstəklənməməsi QİÇS ilə bağlı ölümlərin sayında 50 faiz artımla nəticələnib.