Azərbaycanda zəlzələ gözlənilirmi? - RƏSMİ AÇIQLAMA
29 Noyabr 2013 20:20 (UTC+04:00)
"Azərbaycandakı ənənəvi zəlzələ ocaqlarında
zəlzələ baş verəcəyini demək gülüncdür. Çünki Azərbaycan seysmik
aktiv zonada yerləşir. Burada Abşeron ocağı, Gəncəbasar zonası,
Şamaxı, Şəki-Zaqatala, Dəvəçi-Siyəzən və s. seysmik regionlar var.
Açıqlanan həmin cədvələ görə, bütün Azərbaycan ərazisində zəlzələ
olacaq. Bu, mümkün deyil".
Bu sözləri APA TV-də efirə gedən "Sosium"
verilişinin qonağı Respublika Seysmoloji Mərkəzinin
direktoru Qurban
Yetirmişli deyib.
Əhali arasında narahatçılığa səbəb olan 2014-cü il
üçün seysmik proqnoz cədvəlini elmi cəhətdən əsassız hesab edən
Qurban Yetirmişli respublikanın seysmoloji vəziyyətinin daim diqqət
mərkəzində olduğunu bildirib: "Azərbaycanda, demək olar ki, hər gün
zəlzələ baş verir, sadəcə, hiss olunmur. Hal-hazırda respublikanın
seysmik durumu fon səviyyəsindədir. Həmin siyahıya gəldikdə isə, bu
real deyil. O siyahıya görə Rusiya təhlükəli vəziyyətdə deyil. Amma
nəzərə alsaq ki, Rusiya ən böyük ərazisi olan dövlətdir. Bu ərazidə
çox güclü zəlzələ ocaqları var. Təkcə Sakit okean yaxınlığında
həmişə aktiv olan çoxsaylı bölgə var. Bu boyda ərazidə heç zəlzələ
olmayacağını demək inandırıcı deyil. Həm də bu zaman təkcə zəlzələ
yox, onun nə qədər çəkəcəyi də önəmlidir. Bir dəqiqə davam edən
zəlzələ inanılmaz dağıdıcı gücə malik ola bilər. Məsələn, 2000-ci
ildə Bakıda baş verən zəlzələ 12 saniyə çəkmişdi. Bu qısamüddətli
prosesin proqnozunu qabaqcadan müəyyənləşdirmək mümkün deyil. Əgər
diqqət yetirsəniz, görərsiniz ki, inkişaf etmiş ölkələrdə
seysmoloji mərkəzlər zəlzələ ocaqlarını nəzarətdə saxlayaraq onun
dağıdıcı gücü, minimum seysmik riski barədə təxmini məlumat verir,
dəqiq bal gücü barədə heç nə demirlər".
Qurban Yetirmişlinin fikrincə, Azərbaycanda
zəlzələnin olmayacağını demək də real deyil: "Zəlzələ həmişə olub,
olacaq və olmalıdır. Son 10 ayda Azərbaycan ərazisində 5000-dən çox
təkan qeydə alınıb. Lakin bunların cəmi 10-a qədəri hiss olunub.
Qalanları zəif təkanlar olduğundan hiss olunmayıb. Yaxın müddət
üçün Azərbaycanda güclü təkan olmayacaq".
Əslində, zəlzələnin gücü anlayışının özünün də
dəqiq olmadığını deyən Qurban Yetirmişli Yaponiyada baş verən
zəlzələni buna misal göstərib: "Zəlzələ yerin dərin qatlarında baş
verən prosesdir. Bu plitələrin hərəkəti də ola bilər, qazların
yerdəyişməsi də, bir neçə blokun birdən hərəkəti də. İndiyə qədər 9
ballıq zəlzələnin dağıdıcı gücünün böyük olması göstərilirdi. Lakin
Yaponiyada baş verən zəlzələdə 4 plitənin qırılması baş verdi. Yer
üzündə bu qədər böyük zəlzələ baş verməmişdi. Ola bilər ki, hansısa
ocaqda aktivlik olsun, lakin kiçik təkanlarla böyük gərginlik
boşala bilər. Bunu əvvəlcədən bilmək olmur".
Qurban Yetirmişli belə proqnozların əhali arasında
təşviş yaratdığını da deyib: "Bu hadisənin qabaqcadan proqnozunu
vermək nə qədər çətindirsə, məlumatı əhaliyə çatdırmaq da o qədər
məsuliyyət tələb edir. Aktiv bir ocaqda zəlzələ olacağı ehtimalı
böyükdür, amma boşalmalar nəticəsində heç nə olmaya bilər, bunu
əhaliyə qabaqcadan demək düzgün deyil".
Yer qabığının tədqiqinə baxmayaraq, yenə də
proqnozların dəqiq olmadığını deyən Qurban Yetirmişli Saatlıda
qazılan tədqiqat quyusunu misal gətirib: "Saatlıda qazılan quyunun
dərinliyi 8324 metrdir. Proqnoza görə, 7 kilometrdən sonra
kristallik özül açılmalı idi. Amma 8 kilometrdən çox qazılıb, amma
hələ heç nə yoxdur".
Qurban Yetirmişli zəlzələ ilə Günəş tutulması
arasında hər hansı bağlılığın olub-olmamasına da aydınlıq gətirib:
"Əslində, təbiətdə baş verən hər şey bir biri ilə qismən
əlaqəlidir. Amma bu, o demək deyildir ki, Günəş tutulması olubsa,
mütləq zəlzələ də olmalıdır. Zəlzələ uzun müddət davam edən
prosesin nəticəsidir. Günəş tutulması, planetlərin paradı, seysmik
aktivlik arasında təbii qanunauyğunlu, ahəng var, amma əgər zəlzələ
ocağında hazırlıq getmirsə, bu prosesə heç nəyin dəxli yoxdur.
Günəş tutulması zəlzələ ocağı oyada bilməz. Bu, fon səviyyəsində
olan proses kimidir. 1999-cu ildə Günəş tutulması oldu, bundan bir
həftə sonra İzmit zəlzələsi baş verdi. Bunlar arasında müəyyən
qədər əlaqə var, amma tam yox, hər şey ocağın hazırlığından
asılıdır".
Qurban Yetirmişli Azərbaycanda son illər müşahidə
olunan seysmik aktivliyə də toxunub: "Bu ilin ilk 10 ayında
Azərbaycanda 5000-dən çox təkan qeydə alınıb. Bunların çoxu Şamaxı
zonasında müşahidə olunur. Keçən il Zaqatalada, Şəkidə baş verən
zəlzələlər dağəmələgəlmə prosesi ilə bağlıdır. Bütün bu proseslər
diqqətlə izlənir və tədqiq olunur. Əgər əvvəl Azərbaycanda 14
seysmik stansiya vardısa, indi 35 stansiya fəaliyyət göstərir.
Bunun sayəsində ən xırda təkanlar da qeydə alınır. Lakin mən
əminliklə deyirəm ki, yaxın müddət ərzində Azərbaycanda dağıdıcı
gücə malik heç bir zəlzələ gözlənilmir".
Milli.Az