Rəqabət Məcəlləsinin bəxti bu il də açılmadı

30 Noyabr 2013 07:18 (UTC+04:00)

Fərhad Bayramov: "Sahibkarların da sağlam rəqabət mühitinə ehtiyacı var"


İnhisarçılığın aradan qaldırılması, ölkədə bütün parametrlərə uyğun rəqabət mühitinin formalaşması üçün Rəqabət Məcəlləsinin olması vacibdir. Lakin artıq 7 ildir ki, ölkəmizdə Rəqabət Məcəlləsinin qəbulu yubanır. Milli Məclis iki oxunuşda ona baxsa da, nədənsə üçüncü oxunuşa çıxarmır. Qeyd edək ki, Dünya Bankı da sözügedən məcəllənin qəbulunu tövsiyə edib. Bank dəfələrlə bəyan edib ki, Rəqabət Məcəlləsinin qəbulu Azərbaycanın iqtisadi inkişafına da yeni töhfələr verəcək.

Rəqabət Məcəlləsinin olmaması isə Azərbaycanda bəzən qiymətlərin süni şəkildə bahalaşmasına da bu və ya digər dərəcədə təsir göstərir.

Rəqabət Məcəlləsinin tezliklə qəbul edilməsini zəruri sayan bir sıra deputatlar bildirir ki, layihənin indiyə qədər gündəliyə nədən salınmaması barədə onlara açıqlama verən yoxdur. Halbuki, hesab edilir ki, Azərbaycan iqtisadiyyatında, daxili bazarında baş verən hadisələr, sahibkarlıq yönündə gedən bütün işlər belə bir məcəllənin qəbulunu qaçılmaz edir.

Qeyd edək ki, Rəqabət Məcəlləsi özlüyündə həcmli və mürəkkəb bir sənəddir. Sözügedən məcəllənin qəbulunun bu qədər yubanmasının hansı səbəblərdən qaynaqlandığını aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik.

Millət vəkili Vahid Əhmədov bildirdi ki, son illər Azərbaycan iqtisadiyyatında, daxili bazarında baş verən hadisələr, sahibkarlıq yönündə gedən bütün işlər belə bir məcəllənin qəbulunu qaçılmaz edir: "Hər hansı layihə parlamentin plenar iclasına çıxarılırsa, deməli, onu müvafiq komitə artıq Milli Məclisin müzakirəsinə hazır sayır. Üstəlik, təcrübəyə görə, əgər həmin layihə 1-ci və 2-ci oxunuşlardan keçirsə, demək olar ki, artıq qəbul edilir. Çünki 3-cü oxunuşda qanun layihəsi müzakirə edilmir. Onun üzərində edilən əlavə və dəyişikliklər millət vəkillərinin diqqətinə çatdırılır və sənəd rəsmiləşdirilmək üçün səsə qoyulur. Amma hələ də məsələ öz son həllini tapmayıb. Bu layihənin gündəliyə niyə salınmaması barədə bizə açıqlama verən də yoxdur. Əgər bu qanun layihəsi geri çağırılıbsa, biz də bunu bilməlyik. Belədirsə, sözümüz yoxdur. Yox əgər kimlərsə bu qanun layihəsinin keçməsinə imkan vermirsə, qoy desinlər ki, onlar kimdir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev məcəllənin parlamentdə təsdiqlənməsinin uzun illərdir yubadılmasını qəbuledilməz hesab edir: "Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatında rəqabət mühitini təmin etməyə yönəlik bir sənəddir. Yəni qısaca desək, ölkədə rəqabət mühitinin təmin edilməsi, inhisarçılıq şəraiti yarandıqda, bu inhisarların aradan qaldırılması və sağlam rəqabətin təmin edilməsinin hüquqi bazasının yaradılması ondan asılıdır.

Rəqabət Məcəlləsinin parlamentdə təsdiqlənməsi heç də hamıya sərf etmir".

Başqa bir tərəfdən Azər Mehdiyev artıq 2 oxunuşdan keçmiş məcəllənin özünü də ciddi qüsurlara malik sənəd sayır və hesab edir ki, təkmilləşmə işlərinin aparılması labüddür. .

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov da məcəllənin mümkün qədər tez qəbulunu zəruri sayır: "Hazırda ölkədə sahibkarlıq mühitinin yaradılması istiqamətində ciddi işlərin görülməsi planlaşdırılır. Ölkənin inkişafı da bunu tələb edir. Amma bunun üçün sahibkarların da sağlam rəqabət mühitinə ehtiyacı var. Lakin bilinməyən səbəblərdən Rəqabət Məcəlləsinin qəbulu da yubadılır. Hazırda bəzi sahələrdə hələ də inhisarçılıq var. Bu məqamların aradan qaldırılması üçün təbii ki, zamana ehtiyac var. Bunun üçün də Rəqabət Məcəlləsi öz həllini tapmalıdır".