İlham Əliyev “BakuTel-2013” sərgisinin iştirakçılarına müraciət etdi
2 Dekabr 2013 10:00 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidentinin "BakuTel-2013" sərgi və
konfransının iştirakçılarına müraciət edib. Movqe.az Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən bu
müraciəti təqdim edir:
"Hörmətli sərgi və konfrans iştirakçıları!
"BakuTel-2013" 19-cu Beynəlxalq sərgi və konfransının öz işinə
başlaması münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.
İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım
tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə
inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Respublikada İKT
cəmiyyətin həyatına dərindən nüfuz edib. Əhalinin 70 faizi
internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə
edir. Ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı
uğurla həyata keçirilir, sahə üzrə investisiya qoyuluşu və özəl
sektorun fəaliyyəti ildən-ilə genişlənir.
Ölkəmizin tarixi nailiyyətlərindən biri olan "Azerspace-1" ilk
milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də
informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun,
"Yüksək Texnologiyalar Parkı"-nın yaradılması, stimullaşdırıcı
tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan
iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata
keçidin təmin edilməsinə möhkəm zəmin yaradır. Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 67-ci
sessiyasında Avrasiya Rabitə Alyansının təsis edilməsi ilə bağlı
təklifinin bəyənilməsi barədə qətnamənin qəbul edilməsi ölkəmizin
beynəlxalq İKT çağırışlarının həyata keçirilməsinə dünya
ölkələrinin artan dəstəyinin bariz təzahürüdür.
Azərbaycanda hər il keçirilən "BakuTel" beynəlxalq sərgi və
konfransı müxtəlif ölkələri təmsil edən təşkilatların, alim və
mütəxəssislərin bir araya gələrək öz ideyalarını bölüşməsi, işgüzar
əlaqələri genişləndirməsi, qabaqcıl texnoloji nailiyyətlər və
yeniliklərlə tanış olması üçün əlverişli imkan yaradır.
Builki sərgi və konfransın ölkəmizdə elan edilmiş "İKT ili"
çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə
konfransın və digər mötəbər tədbirlərin daxil edilməsi, aparıcı
şirkətlərin daha geniş təmsil olunması bu sərgi və konfransın
əhəmiyyətini daha da artırır.
İnanıram ki, "BakuTel-2013" 19-cu Beynəlxalq telekommunikasiya və
informasiya texnologiyaları sərgisi və konfransının gedişində
aparılan təcrübə mübadiləsi iştirakçı ölkələr arasında qarşılıqlı
faydalı əməkdaşlığın daha da dərinləşməsinə, beynəlxalq və regional
səviyyədə yeni təşəbbüslərin yaranmasına və gerçəkləşdirilməsinə
sanballı töhfə verəcək
Sərgi və konfransın işinə uğurlar arzulayıram".